29.03.19

"Sağlam ol: gözlər ürəkdən daha zərifdir"

İnsanlar, Sağlam həyat

Bizi əhatə edən dünya haqqında 90% məlumatı görməklə alırıq. Göz əzələləri insan bədənindəki bütün əzələlərdən bir neçə dəfə çox işləyirlər. Buynuz təbəqəsi və göz linzası isə 70 dərəcəyədək istiliyə dözə bilər. Baku Afisha redaksiyası ekspert-oftalmoloq Seymur Bayramovdan görməni necə qorumaq və müasir dünyada onu nələrin korladığı haqda danışmağını xahiş etdi.

Göz həkiminə hər hansı bir problem yarandığında yoxsa müntəzəm olaraq müraciət etmək lazımdır?

  • Bu həyat şərtləri və gündəlik işdən asılı olaraq hər bir insan üçün individualdır. Ancaq ümumiyyətlə, böyüklər üçün ildə minimum bir dəfə profilaktik məqsədlər üçün oftalmoloqa müraciət etməyi məsləhət görürük. Uşaqlar üçün oftalmoloq ziyarəti biraz başqa sxematikdir:
  • doğuşdan 3 yaşa qədər - ildə 1 dəfə;
  • 4 yaşdan 6 yaşa qədər - ildə iki-üç dəfə;
  • 7 yaşdan 16 yaşa qədər - ildə bir-iki dəfə.

Görmə qabiliyyəti zəiflədikdə eynək yoxsa linza taxmaq daha yaxşıdır? Linzalara görə insanlarda problemlər olduğunu eşidirik.

  • Yenə də bu hər bir xəstə üçün - individualdır. Bəziləri burun problemi və ya iş şəraitinə görə eynək taxa bilmirlər. Ancaq seçməli olsaq, eynək daha təhlükəsizdir. Çünki linzalarda az da olsa qidalanmanın zəifləməsi, buynuz təbəqəsinin zədələnməsi, insan faktorları ilə bağlı infeksiya düşməsi və individual qəbul etməmə problemləri yarana bilər. Ancaq linzalarla daha dəqiq, daha geniş görmək olur. Çünki onlar az da olsa görmə orqanı ilə müəyyən məsafədə yerləşirlər.

Göz üçün faydalı və ya zərərli məhsullar varmı? Gözlər üçün hər hansı bir "göz pəhrizi" olurmu?

  • Göz üçün hansısa xüsusi bir pəhriz yoxdur. Əlbəttə ki, göz üçün faydalı olan məhsullar, meyvələr, tərəvəzlər var. Gözün qidalanması əsasında yatan prinsip sadədir: daha çox A, C və E vitamini olan məhsullar yemək lazımdır. Məsələn: kök, qaraciyər, kəsmik, qarağat, tünd şokolad və balqabaq; tərkibində makulanın - bəbəyin mərkəzi sağlamlığı üçün məsuliyyət daşıyan lutein və zeaksantin olması.

Eynək, kontakt linzalar və ya lazerlə əməliyyat, bunlardan hansı daha effektiv və təhlükəsizdir?

  • Sayılan üç metoddan ən təhlükəsizi - eynəkdir. Linzalar daha effektivdir, ancaq eynəkdən daha təhlükəlidir. Laki n üçü arasında ən effektivi lazerdir. Əgər xəstənin buynuz təbəqəsində hərşey qaydasındadırsa və heç bir əks təsir yoxdursa, bu da ən təhlükəsiz yol ola bilər.

Düzdür ki, hələ doğum etməmiş qadınlara lazer əməliyyatı keçirmək olmaz? Göz xəstəliklərində irsi təsir nə qədər böyük rol oynayır?

  • Bu doğru deyil. Əgər xəstədə yüksək dərəcədə miopiya varsa və göz dibi qaydasındadırsa, onda gözləməyin mənası yoxdur. İrsilik göz patologiyalarında vacib rol oynayır. Valideynlərdən irsi yolla keçən bir çox xəstəliklər var. Bu əsasən göz dibi və bəbək xəstəliyi və refraksiya problemləridir.

Yazda istilik sistemi sezonu davam edir və bu hava təmizləyicisi olmayan məkanlarda havanı çox qurudur. Bu göz üçün ziyandırmı?

  • Havanın çox quru olduğu və təmizləyici olmadığı məkanlar bəzi insanlarda quru göz sindromuma səbəb ola bilər. Belə halda gözlər tez yorulur, göz qapaqlarında ağırlıq və gözdə qum hissi olur. Bu problemlə qarşılaşanlara gözü nəmləndirmək üçün süni damcılardan istifadə etməyi məsləhət görürük.

Bugün çoxları göz damcılarını davamlı istifadə edirlər. Bu nə dərəcədə zəruri və təhlükəsizdir?

  • Yuxarıda dediyim kimi, nəmləndirici damcılar quru gözlərdə istifadə olunur. Bugün çox insan iş və ya internetdən hər hansı bir məlumat almaq, bəziləri oyun oynamaq və əylənmək üçün kompyuterdən, mobil telefonlardan çox istifadə etdiklərinə görə quru göz sindromu (həmçinin kompyuter sindromu da adlandırırlar) çox yayılıb. Ona görə də insanlar daha çox göz damcılarından istifadə edirlər. Onlar əsasən zərərsizdirlər, ancaq müxtəlif növ və keyfiyyətdə olurlar. Ona görə də ən yaxşısı həkim özü müayinə etdikdən sonra sizə hansı damcının nə qədər lazım olduğunu desin.

Günəşli havada günəş eynəyi taxmaq mütləqdirmi? Şüşə və ya plastik daha yaxşıdır? Eynəklərin son istifadə tarixi varmı?

  • Günəşli havada eynək tövsiyə olunur. Çünki gözü günəş şüasından qoruyur, konyunktiv, bəbək və buynuz təbəqəsini qoruyur. Şüşə eynəklər daha yaxşıdır, onlar təkcə görünən günəş şüalarından deyil, ultrabənövşəyi şüalardan da qoruyur. Ancaq onların mənfi cəhəti ağır olmaqları və əgər qırılarsa insana zərər vermə ehtimalıdır. Plastiklər ultrabənövşəyi deyil, görünən şüalardan müdafiə edir. Onlar yüngüldür, qırmaq və parçalara ayırmaq asandır. Eynəklərdə istifadə müddəti yoxdur. Ancaq plastik eynəklər tez cızıldığına görə tez sıradan çıxırlar. Əsasən, materialın keyfiyyətindən və insanın səliqəliliyindən asılıdır.

Doğurdan da kompyuter görməyə çox pis təsir edirmi? Kompyuter arxasında hansı qaydalara əməl etməli?

  • Kompyuter arxasında uzun zaman keçirmək gözə çox ziyan vurur. Saatlarla fasilə vermədən kompyuter arxasında oturmaq olmaz. Normada 1 dəqiqədə insan +/- 16 dəfə göz qırpır. Qəribə səslənsə də, hərdən insan gözünü qırpmağı unudur, çünki ekrana çox diqqətlə baxır və ya oxuyur. Ona görə də hər 45-60 dəqiqədən bir 10-15 dəqiqəlik fasilə vermək və uzağa baxmaq, akkomodasiya spazmı və xroniki göz quruluğundan qaçınmaq lazımdır. 

Göz üçün nə daha zərərlidir: kompyuter, mobil telefon və ya televiziya.

  • Əgər üçündən də eyni davamlılıqla istifadə etsək, deyərdim ki, bu üçü arasında ən çox ziyan vuran televiziyadır. Xüsusilə də, o düzgün yerləşməyibsə, lazımlı yüksəklikdə və məsafədə deyilsə, ikinci yerdə isə kompyuterdir. Üçüncü yerdə də telefon gəlir, indiki zamanda ondan çox istifadə edilir, gözlərə çox yaxın tutulur, xüsusilə yataqda və s.

Nəqliyyatda oxumaq göz üçün nə dərəcədə zərərlidir?

  • Bir qayda olaraq nəqliyyatda oxumaq üçün yetərli işıq yoxdur, gözlərə çox güc düşür və tez yorulur. Həmçinin, gediş zamanı daimi titrəmədə də gözlər çox titrəyəcək. Göz əzələləri ağır rejimdə işləməli olacaq. Bu cür stresdən sonra göz yorulur və görmə dəqiqliyi azalır. Mobil telefonda video izləmək də pis təsir edir. Parıltıdan görmə bulanıqlaşır, göz önündə oreol və şüalar yaranır. Bir görmə problemi varsa, daha da pisləşə bilər.

Göz üçün vitaminlər içmək lazımdırmı? Onları necə düzgün seçmək olar?

  • Biz hər zaman xəstələrə təbii vitaminlər, yəni tərkibində bu vitaminlərin olduğu sağlam qidaları məsləhət görürük. Əgər bir dəfə qidada nə istifadə etməyi və göz üçün nəyin faydalı olduğunu müəyyən etsək, bütün həyatımız boyunca davamlı olaraq orqanizmə zərər vermədən bundan istifadə etmək olar. Bu məhsulların siyahısını biz yuxarıda vermişik. Əgər insan tənbəllik edirsə, vaxtı yoxdursa və ya daha asan yollar axtarırsa, onda zeaksantin və lutein olan vitaminləri məsləhət görürük. Bu elementlər olan vitaminlər çoxları üçün faydalı olar və profilaktika kimi də istifadə etmək olar. İndividual hallarda və göz patologiyalarında həkimin məsləhət gördüyünü istifadə etmək lazımdır. 

Həkim məsləhətləri, görməni necə qorumalı

  • Nə qədər şablon səslənsə də, maksimal dərəcədə gözə az yüklənmək və çox dincəlmək lazımdır. Hər gün göz spazmı və gücləndirmə hərəkətləri etmək lazımdır. Yeməyə diqqət etmək, vaxtında yemək və göz üçün faydalı qidalar qəbul etməliyik. Vaxtında yatmaq və az əsəbləşmək. Alkoqol və siqaret kimi zərərli vərdişlərdən uzaqlaşmaq. Geünəş, külək və qarda günəş eynəyi taxmaq. Və günümüzün çox yayılmış "Quru göz sindromu" problemi üçün məsləhət: kompyuter və mobil telefondan az istifadə etmək, gün ərzində çoxlu maye qəbul etmək (minimum 2 litr), ventilyator, kondisioner və soba ilə birbaşa əlaqədən qaçınmaq. 
Problemsiz istirahət: turist layfhakları

Problemsiz istirahət: turist layfhakları

Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

Növbəti paylaşım
Top