13.03.19

DƏBDƏyəm: Şəklimi çəkə-çəkə hərdən

İnsanlar, Stil, İlham
DƏBDƏyəm: Şəklimi çəkə-çəkə hərdən

“Şəklini kim çəkib?” , “ aaaa, bəs hanı şəkil?”

Bu suallar sizə tanış gəlir? Hamımız cəlbedici  instagram şəkilləri  olan xanımları izləyirik. Onların şəkilləri  rahatlıqla çəkilib, sanki böyük əziyyət vermədən ilk çəkilişdən uğurlu kadr alınıb. Xüsusilə, streetstyle hərəkətdə olarkən və ya gözəl kafelərdə çay, kofe içərkən... Gəlin, baxaq görək, bunun arxasında nələr dayanıb?

Əvvəla, icazə verin, sizə bir əhvalat danışım. Mənim bir tanışım var və o, müxtəlif ölkələrə tez-tez səyahət edir, lakin, nədənsə, İnstagram-da demək olar ki, getdiyi yerlərin özü ilə şəkli olmur. Bir də gördüm ki, Facebook-da bu haqda uzun bir post yazıb və səbəbini açıqlayıb. Onun deməyindən belə çıxdı ki, səyahət zamanı özü ilə olan şəkillərin sosial mediada az qoyulmasının səbəbi.... onun tək olmasıdır. Bəli, bəli, düz oxudunuz, yalnız olması əsas səbələrdən biridir. İndi deyəcəksiniz ki, nə olsun ki, kimisə xahiş etsin, çəksin də. Amma, təsəvvür edin, bir ədəd “uğurlu” kadrı almaq üçün ən azı bir 10-15 dəfə çəkiliş edirsiniz. Və yoldan keçən adamı məcbur edirsiniz ki, sizi 10-15 dəfə çəksin. Gülməlidir, elə deyilmi?

Bəs, İnstagram-da izlədiyimiz qızlar necə edir? Hər şəhərə çıxışları sanki yolu keçərkən təsadüfən çəkilmiş kimi pozlar, kafedə rahat oturub çay, kofe içmələri gözəl kadrlarla nəticələnir. Məsələn, izlədiyim yerli bloqqerlərdən Nəzrin Ağarzayevanı götürək. Onun hər çıxışı zövqlü streetstyle çəkilişidir. Və ya digər bloqqerimiz Turan Qarayeva, eynilə. Güman ki, onlar tək yox, rəfiqə və ya həyat yoldaşları ilə çıxırlar və “uğurlu” kadr alanadək onlardan əl çəkmirlər (bu bir zarafatdır, təbii ki).


Başa düşdük, rəfiqə və ya həyat yoldaşımızla çıxanda, işimiz həll olunur. Lakin, təsəvvür edin ki, zövqlə geyinib çıxmısınız şəhər və ya səyahətə, lakin sizi çəkəcək yaxınınız yoxdur yanınızda. O zaman nə etməli? Öz təcrübəmdən deyə bilərəm ki, detalları qarışdırıb (bir az bədən, bir az aksessuar, bir qədər də məkanın bir hissəciyi) çəkmək olar (əgər mənim kimi gəşəng selfie çəkə bilmirsinizsə).

Düzdür, yuxarıda yazdığım təbii ki, dünya miqyaslı problem deyil. Lakin, zarafatsız, bu “gözəl İnstagram” şəkillərinin arxasınca qaçmaq bir növ bizə real həyatdan zövq almağa imkan vermir. Baxın, səyahətə gedərkən, əksəriyyətimiz:

  • Səyahət edəcəyi şəhərin görməli yerlərini araşdırır
  • Bu yerlərə uyğun “look”lar hazırlayır
  • Ora çatdıqda, gəzərkən, yalnız pozlarını şəhərin fonuna uyğunlaşdıraraq, “uğurlu” şəkil alanadək yaxınlarını narahat edir
  • Sonra, çəkilmiş şəkillərin hansının İnstagrama qoyacağı haqda düşünür (təbii ki, arasından yaxşısını seçmək çətin olur və əlavə seçim daha çox vaxt aparır)
  • Wi-fi tapan kimi şəkilləri qoyur və sonra da like-ların sayına tez-tez baxır
  • Bir də başını qaldırır və başa düşür ki, səhayət bitib, artıq Bakıya dönmək zamanıdr və özünü çox yorğun hiss edir.
  • Hə, çoxunuza tanış gəlir bütün bunlar? İndi düşünün, səyahət zamanı yeni gördüklərinizdən həzz alıb, həmin anı yaşayıb, dincəlmək, yoxsa “gözəl şəkil” çəkdirib İnstagrama qoymaq?

Fikirlərinizi bizimlə paylaşın!

DƏBdə qalmaq diləyi ilə,

Səbinə Mirzəyeva-Atayeva


Tiflisdən sevgilərlə

Tiflisdən sevgilərlə

15-16-17 mart üçün 9 məşğuliyyət

15-16-17 mart üçün 9 məşğuliyyət

Növbəti paylaşım
Top