#SUMMER
08.03.18

Azərbaycanda feminizm varmı?

İnsanlar, İlham
Azərbaycanda feminizm varmı?

Beynəlxal qadınlar günü son yüzillikdə qadınların nələrə nail olduğunu yada salmaq üçün yaxşı bir səbəbdir. Baku Afisha redaksiyası əsl feminizmin nə olduğunu və Azərbaycanda bu hərəkatın izləyiciləri olub-olmadığını öyrənmək qərarına gəldi:

  • Feminizm haqqında nə vaxt və necə öyrəndin?

Xədicə, tələbə:

Feminizm haqqında çoxdan bilirdim, universitetdə oxuduğum zamanlarda isə dərindən araşdırmağa başladım. Tələbələrə bir çox fakültativ biliklər verilir, mən bir neçəsi ilə maraqlandım, dərsə getdim və heyran qaldım.

Leyli, riyaziyyatçı:

Gözlənilməz çətin bir sual. Feminizm haqqında nə zaman öyrəndiyimi dəqiq bilmirəm, elə hiss edirəm ki, sanki bütün ömrüm boyu bu haqda bilirdim. Yadımdadır, ki 10-11 yaşlarımda mən sufrajistlər və qadınların səsvermə hüququ uğrunda mübarizələri haqqında öyrəndim və 12 yaşımda Cəfər Cabbarlının "Sevil" əsərini heyranlıqla oxuyurdum.

Maral, tələbə:

Bizim həyətin uşaqları başqa həyət uşaqları ilə qız qapıçısı olan komandayla oyuna çıxmaqdan utandıqları zaman. O vaxtlar mən başa düşmürdüm, əlbəttə ki, mənim anlaşılmazlığım - feminizm haqqında ilk fikirlərim idi. Sonradan belə anlaşılmazlıqlar çox oldu.

Gülnarə, aktivist və insan haqqları qoruyucusu:

Sözün özünün mənə çoxdan tanış olmasına baxmayaraq, feminizm tarixi və onun istiqamətləri ilə mən 4 il əvvəl tanış oldum.

  • Feminizmin beş əsas prinsipi?

Xədicə:

Bərabər hüquqluluq, dəstək, təhsil, fərqlilik, seçim

Maral:

Feminizmin olduqca çox axımı var və onlar daim tənqidlərə məruz qalırlar və nəticədə də yeni axımlar meydana gəlir. Feministlər cinsiyyətindən asılı olmayaraq, sosial, iqtisadi və siyasi imkanların hər kəs üçün bərabərliyi uğrunda çıxış edən insanlardır, (irqi, cinsi üstünlük və interseksional feminizmdə digər fərqlər).

Feministlər insan uğurlarının bacarıq və hərəkətlərindən asılı olduğu və hər kəsin istədiyi istiqamətdə inkişaf etdiyi bir dünya istəyirlər. Feministlər gender əlamətlərinə görə cəmiyyətdə iştirakı məhdudlaşdıran qanuni və mədəni normalara qarşıdırlar.

Qadınlara və qızlara qarşı hər yöndə olan zorakılığı rədd etmə. Şəxsi bədən və cinsi həyat azadlığı. Nəticə: feministlər birilərinin digərləri üstündəki zülmlərə, ancaq heç bir şəkildə qadınların kişilərlə mübarizəsinə əsaslanmayan patriarxal sosial sistemə qarşıdırlar.

Leyli:

Mənim üçün feminizmin bir əsas prinsipi var: cinsiyyət və gender əlamətlərinə görə qadınlatın siyasi, iqtisadi və sosial diskriminasiyalara məruz qalmaması.

Gülnarə:

Feminizmin əsas ideyası cinsiyyət və genderdən asılı olmayaraq bərabər hüquqluluq və buna əməl olunması. Feminizm bərabərlik və ədalətə əsaslanır.

  • Azərbaycan feministləri dünya feministlərindən fərqli olaraq nə uğrunda mübarizə aparırlar?

Xədicə:

Başqa ölkələrdəki feministlərin çoxdan əldə etdiyi və hələ heç bir ölkədə nail olunmayanlar üçün.

Leyli:

Hollandiyada feministlər qadınların siyasət, elm və iqtisadiyyat sahələrində iştirakı, nigahda öhdəliklərin tərəflər arasında bərabər paylaşılması və s. üçün mübarizə apardıqları bir zamanda Azərbaycanda daha "primitiv" istismarlarla: erkən yaşda nigah, zorakı nigah, selektiv abort və s. ilə mübarizə aparmalı oluruq.

Maral:

Mübarizə eyni şeylərə qarşı aparılır, ancaq müxtəlif ölkələrin cəmiyyətində imkanlar da fərqlənir. Əgər mənim Bakıdakı universitetimdə hüquq fakültəsində bir müəllim ilk mühazirəsində qız tələbələrinin başqaların (gənc oğlanların) yerini tutduğunu və onlardan ancaq nigah məmuru olacağını deyirsə, Qərbdə auditoriyada belə şey eşidə bilmərik.

Eyni zamanda da elə ölkələr var ki, burada qadınlar kişilərin icazəsi olmadan küçəyə belə çıxa bilməzlər. İstismar səviyyəsi cəmiyyətin inkişaf səviyyəsindən asılıdır. Ona görə da daha çox inkişaf etmiş ölkələr daha az absurd problemləri həll edirlər, ancaq yenə də problem onlarda da var.

Müxtəlif ölkələrdə və müxtəlif qitələrdə feministlərin mübarizə obyektləri də fərqlidir. ABŞ və Avropada qadınlar bərabər əmək haqqı ilə mübarizə aparırlar, Afrika ölkələrində isə ən önəmli problem hələ də qadın sünnəti olaraq qalır. Azərbaycanda qanunvericilik səviyyəsində qadına zülm edilməsə də, patriarxal düşüncə özünü məişətdə və gündəlik həyatda göstərir. Ona görə də selektiv abortlar, erkən nigah və qadınların təhsil imkanı mübarizəsi bizim ölkədə feminizmin əsas istiqamətləridir.

  • Yalançı və əsl feminizm varmı?

Leyli:

Düzü, mən düşünmürəm ki, "yalançı" və ya "əsl" feminizm mövcuddur. Əgər siz qadınların cinsiyyətinə görə diskriminasiyaya məruz qalmamalarını düşünürsünüzsə, onda siz artıq feministsiniz. Qalanları isə qol-budaqlardır. Mən onların heç birini "yalançı" adlandıra bilmərəm.

Gülnarə:

Qadınlara pərəstiş etmək, onlara və problemlərinə görə narahat olmaq hələ feminizm demək deyil. Önəmli olan bu problemləri həll edib, düşdüyünüz vəziyyətlə razılaşmamaqdır.

Xədicə:

Əvvəlcə insanlar hər şeyi bir-birinə qarışdırırlar, bu düzgün deyil, ancaq qorxulu da deyil, mövzu ilə tanışlığın başlanğıc mərhələsidir.

  • Azərbaycan və dünya feministləri arasında fərq varmı?

Maral:

Biz dərinliyi cəmiyyətin inkişafından asılı olan kardinal fərqli problemlər üzərində işləməli oluruq. Azərbaycan feministləri erkən nigaha, Niderlanddakılar bərabər əmək haqqı, Pakistanda təhsil haqqı, Misirdə qadın sünnətinə qarşı mübarizə aparırlar. Hər bir cəmiyyətdə bərabərsizlik bir cür meydana gəlir və problemin həll yolu da fərqlidir, ancaq bir ümumi məqsəd var: hər kəs üçün bərabər hüquq.

Xədicə:

Fərq görmürəm. Yalnız bu cür ola bilər: bütün postsovet ölkələrində bu axımdan çox sözün özünə qarşı bir xoşagəlməzlik var.

Gülnarə:

Azərbaycan feminizmi ilə ABŞ və ya Avropa feminizmini müqayisə etsək, mövzular barəsində necə geridə qaldığımızı görə bilərik, məsələn, cinsiyyət və gender fərqliliyində, terminologiyada.

  • Azərbaycanlılar nəyə nail olublar və nəyə nail olmaqlarına hələ çox var?

Maral:

Qanunvericilik səviyyəsində bizdə bərabət hüquqluluq möhkəmlənib, ancaq əslində obyektivləşmə var, harada ki qadın dəyərləri xarici gözəllik, gənclik, xeyirxahlıq, incikliklə təyin olunan bir əşyadır. Biz aktiv olaraq qadınların obyektivləşməsi ilə mübarizə aparmalıyıq, çünki bu insanın kim ola biləcəyini təyin edir.

Leyli:

Əgər öz ətrafımla mühakimə etsəm, analarımızdan daha gec ailə qurmaq, gənclik illərini özünü inkişaf və kariyeraya həsr etmək artıq normal qarşılanır. Ancaq qorxuram ki, bu yalnız paytaxtın təhsilli orta səviyyəli insanlarına aiddir. Xəbərlərdə gördüyümüz qədər kasıb ailələrdə və rayonlarda vəziyyət tamamilə əksinədir: erkən nigah tendensiyası inkişaf edir.

Gülnarə:

Hal-hazırda Azərbaycan qadınlarının ən əsas problemləri maddi asılılıq və kişilər tərəfindən fiziki zorakılıqdır. Bu problemlərin nə zaman həll tapacağını düşünmək çətindir.

  • Qadınlar elmdə: Bu barədə Azərbaycanda və Avropada işlər necə gedir?

Leyli:

Mən aspirantam, ixtisasım riyazi fizikadır, mənim üçün qadınların elmdə olması mövzusu olduqca aktualdır. Mən yetərincə uzun bir müddət Azərbaycanda yaşamışam, indi Avropada oxuyuram. Azərbaycandan başlayaq: Azərbaycanda "elmdə qadının yeri yoxdur" cümləsi olduqca çox işlədilir, bizim cəmiyyət bu cür seksizm ifadəsini mümkün sayır. Mən bunu məktəbdə eşidirdim, universitetdə eşidirdim, mən bunu professorlardan, "sadə insanlardan", qohumlardan, tanışlardan eşidirdim. Avropada belə bir şey eşidə bilməzsən.

Məktəbdə müəlliməmlə bəxtim gətirmişdi: riyaziyyatı mənə bir qadın Mariya Aleksandrovna Uşenina öyrədirdi. O məndə öz bacarıqlarıma inam yaradırdı və görkəmli qadın riyaziyyatçılar haqqında danışırdı: Hipatiya Aleksandriyadan Emmi Neterə qədər. Avropadakı kolleqalarımın hamısının bu cür bəxti gətirməyib: onların çoxlarının məktəbdə bir rol-model qadını olmayıb. İndi Avropada bunun üzərində işləyirlər, çünki rol-modellərin gənc qız və oğlanlar üçün nə qədər vacib olduğunu başa düşürlər.

  • Elmdə qadınların diskriminasiyası onlara motivasiya verə bilərmi?

Leyli:

Bu maraqlı bir məqamdır: həmişə diqqət edirəm ki, konfranslarda daha çox Rusiya, İran, İtaliya kimi  daha çox "cinsiyyətçi" mədəniyyəti olan ölkələrdən qadınlarla rastlaşıram (bunlar gender mövzusunda elə də inkişaf etmiş ölkələr deyil), demək olar ki, gender sualı baxımından daha çox inkişaf etmiş ölkələrlə qarşılaşmıram. Mən bunu italyan bir kolleqamla paylaşdım və o səbəb olaraq aşağı əmək haqqı olduğuna görə akademik kariyeranın kişilər üçün cəlbedici olmadığını göstərdi.

Yəni, kişilərin maraqlanmadığı yerlərdə qadınları işə götürməkdən başqa çarə qalmır və bu qadınların çoxu hal-hazırda fizika və riyaziyyat üzrə mütəxəssislərdir. Elmdə ən çox uğur qazanan qadınlar siyahısına baxın - onların çoxu İtaliya, İran və keçmiş İttifaqdandır. Bunlar həmçinin maliyyə baxımından akademik kariyeranın gəlirli olmadığı ölkələrdir, Bill Klintonun sözlərini təkrarlayıram: "it's the economy, stupid".

  • Ölkədə feministlərin cəmiyyəti varmı?

Maral:

Ölkədə qadınların müxtəlif istiqamətlərdə iş və problemləri ilə məşğul olan bir çox dövlət və qeyri-hökumət təşkilatları var. Məsələn, rasional qadın inkişafı assosiasiyası (WARD), 100 Business Women of Azerbaijan təşkilatı, WoWoman təşkilatı, traffikinqlə mübarizə təşkilatı, gender problemlərin öyrənilməsi üzrə birləşmə və mərkəzlər, EqualsBaku kimi proyektlər. 

  • Niyə bir çox qadınlar feminizmə qarşıdırlar?

Xədicə:

Hərəkat müəyyən bir şöhrət qazanıb. Müasir cəmiyyətdə gözəl, cazibədar və heteroseksual olmaq lazımdır. Fərqli olmaq, tez-tez adət ounmamış fikirləri səsləndirmək asan deyil.

Leyli:

Qadınların niyə feminizmi rədd etməsi sualı məni həmişə narahat edib: sənin haqq və hüquqlarını qorumağa çalışan bir hərəkata niyə qarşı çıxırsan? Bu özünü aldatma, öz istismar olunma statusunu görməmək arzusu ola bilər. Bəzən də bu patriarxal cəmiyyətdə yaşamağa alışmış və onun məhdudiyyətlərini hiss etməmiş qadınların eqoizmi ola bilər: əgər sən bütün həyatın boyu evdar xanım olmağı arzulamısansa və ya "zərif qadın" rolunda özünü daim rahat hiss etmisənsə, ətrafındakılar da səninlə eyni düşünürsə, onda "qayığı hərəkət etdirən" feministləri xoşlamırsan.

Maral:

Bu münasibətin əsasi daxililəşdirilmiş mizoginiyadır. Bizə doğuşdan daha zəif, daha ağılsız, kişilərdən daha az rasional, bizə qarşı zorakılıqda özümüzün günahkar olduğu, demək ki, özümüzü düzgün göstərmədiyimiz və ya doğru tərbiyə almadığımız fikirlərini yeridirlər. Bu artıq bizim nitqimizdədir: «qızını döyməyən, dizini döyər», »qız yükü – duz yükü», «курица не птица, баба не человек», “»все мы бабы стервы», «женщина за рулем – обезьяна с гранатой» və s.

Belə bir cəmiyyətdə insanlar inanırlar ki, ağıl, rasionallıq, məntiqi düşünmə doğuşdan yalnız kişilərə məxsus olan atributlardır, ona görə də oğlan uşağının doğulmasını bayram kimi qeyd edirlər, qadın isə təbiətdən emosionallıq, qayğıkeşlik və əgər bəxti gətirsə gözəllik alır. Bir çox qızlar isə selektiv abortla doğulma şansına belə layiq görülmürlər.

Gülnarə:

Patriarxal cəmiyyətdə qadınları kişilər tərəfindən doğrulanan tərzdə yaşamağı öyrədirlər. Bununla da kişilər cəmiyyətdəki əsas rollarını möhkəmlətməyə çalışırlar. Qadınlara isə ağıllı bir şagird kimi qoyulan normalara əməl etmək qalır. Feminizm buna qarşıdır.

  • Bəs kişilər feminizm tərəfdarı ola bilərlərmi?

Maral:

Kişilər pro-feminist ola bilərlər və əgər onlar güclü iqtisadiyyatı və təhsili olan bir cəmiyyətdə yaşamaq istəyirlərsə, onda feminizm tərəfdarı olmalıdırlar. Gender bərabərliyi - qadın problemi deyil, sosial və iqtisadi bir problemdir.

  • Niyə feminizm təkcə qadınlara yox, həm də kişilərə lazımdır?

Leyli:

Əgər altruizmi və "biriləri istismar olunduğu müddətdə heç kəs azad deyil" prinsipini bir kənara qoysaq, daha praqmatik səbəblər görərik: patriarxat təkcə qadınlara deyil, kişilərə də məhdudluq qoyur. "Qadın məcburdur" cümləsinin əksi "Kişi məcburdur" olur.

Kişi qazanmağa, qorumağa, təmin etməyə "məcburdur", kişiyə "zəif" olma haqqı verilmir. Bu müasir dünyada real olmayan tələblərdir və bunların hamısının öhdəsindən gələn kişi, düşündüklərini, şikayətlərini bir insan kimi dilə gətirə də bilmir, çünki buna "mızıldamaq" deyirlər. Kişi isə "mızıldamaz".

Xədicə:

Hər bir cəmiyyət üzvünün layiqli həyat yaşaması bütün insanların arzusudur. Ağıllı və empatik insanlar insan istismarını doğuşdan onlara verilən cinsiyyətlə ölçməyəcəklər.

Maral:

Feminizm bizi cinsi önyarğılardan azad edir və fərdi olaraq necə özümüzü göstərə biləcəyimiz imkanlarını genişləndirir. Bir cinsiyyətçi cəmiyyətdə, ənənəvi qeyri-kişi peşəsi ilə maraqlanan bir adam bir "əskik kişi" kimi və ənənəvi olaraq kişi işləri ilə maraqlanan bir qadın bir "əskik qadın" kimi qəbul edilir. 

Kişi ailəsinə layiqli həyat vermək üçün əlindən gələni edir, qadın isə lazımlı özünü realizə səviyyəsini ala bilmir. Bütün bunlar azad olmağımız gərəkən önyarğılardır.

Gülnarə:

Patriarxal cəmiyyət yalnız qadınlara deyil, kişilərə də müəyyən sosial rol verir. Bu ağır bir yükdür: ailənin yeganə gəlir mənbəyi olmaq, həyat yoldaşı ilə müqayisədə daha çox pul qazanmaq, ailənin məsuliyyətini daşımaq, öz hisslərini ifadə edə bilməmək, duyğularını göstərməmək, ağlamamaq. Cəmiyyətin bütün bu gözləntiləri insanı dar bir çərçivəyə çəkir və psixoloji problemlərə yol açır.

  • Beynəlxalq qadınlar gününə necə yanaşırsan? 2018-ci ildə onu qeyd etmək lazımdır?

Xədicə:

Mənim 8 Marta münasibətim yaxşıdır . Gözəllik, həssaslıq və rənglər bayramı kimi qəbul olunan bu gün müasir reallığı əks etdirmir. Bu qadınlar və onların hüquqları haqqında bir gündür. Qadınlar, əlbəttə, gözəldir. Həmişə. Təkcə özlərinə qulluq etdikdə, zərif, həssas olduqda və gülümsədikdə yox. Ona görə də bayrama şüurlu şəkildə yanaşmaq, qadınlara lazım olanları arzulamaq və onu bir günlük performans kimi göstərməmək lazımdır.

Leyli:

XX əsrin ortasında Sovet İttifaqında "qadınlar gününün" nəyə çevrildiyini görmək məni çox qıcıqlandırırdı və bütün varlığımla bu günə nifrət edirdim. Ancaq bir neçə il əvvəl birdən mənə çatdı ki, patriarxal cəmiyyət bu günü bizim əlimizdən alıb, tam əksinə çeviriblər və mən bu günü "geri qazanmağa" qərar verdim. Düzünü desəm, mənə fərqi yoxdur bu günü qeyd edirlər ya yox. Əsas odur ki, bərabər hüquq üçün mübarizə aparmağı unutmasınlar. 

Maral:

8 mart günü öz həyatları bahasına dünya qadınlarının haqqlarının genişlənməsini əldə edən qadınları xatırlamaq lazımdır. Postsovet ərazisində onun nəyə dönüşdüyünü görmək bu qədər üzücü olmasa, çox gülməli olardı.

İndi bu qadınlar və onların infantilizmləri haqqında ənənəvi stereotipləri gücləndirməyə xidmət edən, onların zərif və incikliyini tərifləyən, yaz günü, lalələr, güllər və oyuncaq ayıların günüdür. 8 martı mütləq qeyd etmək və qadınları təbrik etmək lazımdır, lakin bunu necə etməyi düşünməyə dəyər.

Gülnarə:

Beynəlxalq qadınlar günü — bu öz hüquqlarını uğurla qoruyan qadınların günüdür. İlk növbədə mənim üçün bu gün - onların savaşı qarşısında hörmət işarəsidir. Beynəlxalq qadınlar günü bizə tarixi xatırlatmalıdır, oyuncaq ayı və çiçəkləri yox.

  • Feminizmdə səni nə qıcıqlandırır?

Xədicə:

Mən müasir üçüncü dalğada səsləndirilən tezislərlə razı deyiləm. Məsələn, "cinsiyyətçiliyin tərsi yoxdur, çünki o patriarxal sistemin nəticəsidir". Bəli sistem artıq çürüyüb və bəli, daha çox qadınlara düşsə də, hamı əziyyət çəkir. Bir qrup daha çox əziyyət çəkdiyi üçün, digər qrupun nəticələrinə haqq qazandırmaq çıxış yolu deyil. Bizim dünyamız ağ-qara deyil və heç vaxt elə olmayıb.

Gülnarə:

Məni "azadlıq ətək uzunluğu ilə ölçülmür" deyib, hərəkata dırnaqarası baxan insanlar qıcıqlandırır.

Maral: 

Feminizmin cəmiyyətdə matriarxat tələb etdiyi və tezliklə kişilərin hüququnun qalmayacağı haqqında fikirlər çox mənasızdır. Qadınların cəmiyyətdə bir qrup kimi kişiləri istismar etmə alətləri yoxdur, tərs cinsiyyətçilik mövcud deyil, çünki bu terminoloji olaraq da ziddir.

Əlbəttə ki, kişilərdən nifrət edən və siyasi doğruluq anlayışını absurd səviyyəyə qaldıran qadınlar var, lakin bu nifrət institusonal olaraq dəstəklənmir.

Leyli:

Şüphəzis, feminizm mizandriya ilə bərabərləşdirilir. Feminizm böyük bir qüvvədir və bəli, radikal feminizmin mizandrik filialları var. Ancaq bunlar marjinaldir, bütün hərəkatı bunlarla xarakterizə etmək mümkün deyil.

  • Bəs qoltuq altını rəngləmək feminizmdir?

Gülnarə:

Bodi-pozitiv feminizm istiqamətlərindən biridir. Əgər düşünsək, cəmiyyətdə qadının xarici görünüşünə çox tələbat var. Biz heç birimiz hər hansı bir gözəllik standartlarına tabe olmağa məcbur deyilik. Bildiyim qədər rəngli qoltuq altı trendi standartlarla mübarizə üçün başlamışdı. 

Xədicə:

Məncə bu əla görünür, gözəllik subyektivdir.

Maral: 

Feminizmdə müxtəlif qruplar var və hər biri onları narahat edən problemlərə özünəməxsus yanaşırlar. Mən hesab edirəm ki, daha vacib problemlər var, yalnız bu mənim başqa təcrübəmin, başqa problemlərimin olduğu üçündür. Kimin üçünsə bu cür aktivlik vacibdir.

Cəmiyyətdə və işdə sən öz hüquqlarını müdafiə edirsənmi?

Xədicə:

Əvvəl etmirdim, indi daha çox özümü düşünürəm, ətrafdakıların komfortunu yox. İş yerimdən bu yaxınlarda bir misal: iş yoldaşım söhbət zamanı əlini ya çiynimə ya da belimə qoyurdu. Mən bunu etməməsini dedim, o isə güldü və ciddiyə almadı. Fikir verməməyə çalışdım, amma biraz zaman sonra düşündüm: niyə axı? Mən bir də onunla danışdım və o soyuq savaş başlatdı. Nəticə: müdiriyyət tamamilə mənim tərəfimdədir, onunla bağlı isə lazım olan qərarlar alınıb.

Leyli:

Bu psixologiya üzrə böyük bir araşdırmadır. Mən ancaq öz misalımla deyə bilərəm ki, "yox" deməyi öyrənmək üçün mənə bir neçə il lazım oldu. Daha uzun vaxt isə başqalarının tapşırıq və problemlərini öz üzərimə götürməməyi öyrənməyə getdi və "təhsil" hələ də davam edir.

Maral:

İş yerindəki bir çox qadın qazandığı uğura layiq olmadığına inandığı zaman, onda bir iddiaçı sindromu yaranır. Öz müvəffəqiyyətiniz üçün özünüzə layiq bir mükafat verməlisiniz, onları öz gözünüzdən düşürməməli və ideyalarınızı müdafiə etməlisiniz. Mən də mühafizəkar bir cəmiyyətdə böyüyən hər bir qadın kimi, bununla bağlı çətinlik çəkirəm.

  • Din və feminizm əlaqəlidirmi?

Leyli:

Tamamilə! Mənim hicablı feminist tanışlarım var. Dediyim kimi, feminizm qadınların cinisiyyət və gender əlamətlərinə görə siyası, iqtisadi və sosial diskriminasiyalara məruz qalmamasıdır.

Xədicə: 

Bəli, mənim bir çox müsəlman-feminist tanışlarım var. Yəqin ki, başqa dinlərdən olanlar da var.

Maral: 

Din feminizmlə məqsədlərin uyğunlaşdığı qədər əlaqəlidir. Əgər o cəmiyyət üzvlərinin ehtiyaclarına görə inkişaf edir və dəyişirsə və onların istəklərini əks etdirirsə, onlar birlikdə mövcud olub, inkişafa davam edə bilərlər.

Gülnarə:

Məncə, dini və onun qanunlarını müxtəlif cür müzakirə etmək olar. Bu günə qədər mən dini inam mövzusunda eyni fikirdə olan iki insan görməmişəm - ona görə də hansı dini normanın daha doğru olduğunu söyləmək mənim üçün çətindir. Bu qanunların feminizm baxımından da şərh edilməsi mümkündür.

  • Mövzunu anlamaq istəyənlər üçün ədəbiyyat məsləhət görün:

Xədicə:

Mən əsasən ingilis və rus dilində məqalələr, pabliklər oxuyuram, ingiliscə daha az. İnternetdə və bir çox aktivist ulduzlardan öz must-read siyahınızı tapa bilərsiniz. Mənimki Mighty Girl nəşriyyatının kitablarıdır. Mənim sevdiyim aktivistlər - Nikonova.online pablikləri, Anam hər şeyi bilir, Support Black Hermione, love yourself, fight like a girl, Check your privilege, Femi-qraffiti | Woman Street Art. Bloqerlər nixelpixel, Anya Saxarova, jar of warmness. İngilis dilli bloqerlər - Kat Blaque, chescaleigh. Mtv Decoded verilişin, Mighty Girl bloqu. 

Maral:

Mənim siyahım o qədər də geniş deyil, problemlərə müxtəlif rakurslardan baxa biləcəyimiz yerli, postsovet və xarici müəlliflərin bir çox işləri var. Məsələn, Sitarə İbrahimovanın, Sultana Əhmədbəylinin işləri. 

İlk feminizm dalğası ədəbiyyatı (əsasən qanun qarşısında bərabərlik ideyaları): A vindication of the rights of Woman by Mary Wollstonecraft,  Are Women People? A book of rhymes for suffrage times, Married Love by Marie Stips, Women in the Nineteenth century by Margaret Fuller. İkinci dalğa (de-fakto qadın diskriminasiyası): Simone de Beauvoir "The second sex", Betty Friedan "The Feminist Mystique", "Rebirth of Feminism (Hole, Judith, Ellen Levine)" Sandra Casey Hayden. Üçüncü dalğa (interseksionallığın yaranması): "The bridge called my back" Cherrie Moraga, "To Be Real: Telling the Truth and Changing the Face of Feminism" Rebecca Walker, "Full Frontal Feminism" Jessica Valenti.

Həmçinin, Svetlana Aliksieviçin «У войны не женское лицо» , «Гендер и власть» Рэйвинда Коннела, «Feminist Look» by Cynthia Enloe, «Global Woman» by Barbara Ehrenreich, «Why be happy when you could be normal” by Jeanette Winterson, «Ain’t I a woman» by Bell Hooks, We should all be feminists by Chimamanda Ngozi Adichie (TEDx Speech). Оnlaynda mən @equalsbaku, @womensmarch, @nixelpixel и @whatisfem izləyirəm.

Gülnarə:

Simona de Bovuar, Emma Qoldman, Cudit Batler, Bella Huks əsərlərini tövsiyə edə bilərəm. İngilis və rus dillərində mövzü haqqında yetərincə material var, azərbaycan dili ilə işlər biraz yaxşı deyil. Yeni qoşulduğum bir proyekt tezliklə bu problemi də həll edəcək.

Antifeminist Günel, digital specialist:

  • Feminizmə necə yanaşırsan?

Özü özünə qarşı çıxan tamamlanmamış bir konsepsiya kimi.

  • Niyə feminizmə qarşısan?

Çünki feminizm feministlərin onu təqdim etmək istədikləri kimi deyil. Bu hərəkat qadınlar haqqında stereotipləri ağırlaşdıraraq, eyni zamanda kişilərə də yüklənir. Əgər diqqətlə baxsaq feminist tədbirləri sadəcə qadınlara həs olunur, bu özü də bərabər hüquqluluğa qarşıdır.

  • Azərbaycan qadınları bütün haqqlara sahibdirlərmi?

Konstitusiya ümumidir, bütün kodekslər kimi. Sosial olaraq isə kimdə necədi bilmirəm. Mən avtobusda arxa sırada da oturmuşam, Nərdaranda da gəzmişəm - nə döyməyiblər, nə də oğurlamayıblar.

  • Müasir Azərbaycan cəmiyyətində qadının rolunu necə görürsən?

Çətin. İşləməli və seçkilərə getməli oluruq.

  • Bodi-pozitivə münasibətin necədir?

Hər bir insanın bədəni onun özünə aiddir. Hesab edirəm ki, özün üçün rahat olanı seçmək öz fikrindir, ancaq qəsdən öz qoltuq altını hər önünə çıxana göstərmək (hansı ki, belə bir şeyi səndən heç istəməyib) hər bir cins üçün mənasız bir şeydir.

  • Səncə niyə müəyyən sahələrdə hələ də kişilər baş roldadır? İş yerində cinsiyyətçiliklə qarşılaşmısan?

Çünki bu və ya başqa sahə ilə kişilər daha çox maraqlanır. Çoxlarını IT-də işləyən kişilər narahat edir, ancaq o çoxları bir dəfə də demirlər ki, taksi sürücüsü kişilər daha çoxdur. Yalançı lovğalıqdır. İş yerimdə cinsiyyətçiliklə qarşılamamışam.

  • Beynəlxalq qadınlar gününə münasibətin? 2018-ci ildə onu qeyd etməyə dəyərmi?

Heç bir münasibətim yoxdur. Əgər kimsə qeyd etmək istəyirsə, niyə də yox. Onsuzda əslində bayramları heç kim tam anlamır.

  • Sükan arxasında qadınlar və qadın məntiqi haqqında daim davam edən zarafatlara nə deyirsən? Onlar səni qıcıqlandırmır?

Hər bir yersiz lətifə və zarafat (həmçinin, yuxarıda dediyimiz) məni qıcıqlandırır.

Uzun həftə sonları üçün 10 məşğuliyyət

Uzun həftə sonları üçün 10 məşğuliyyət

Bələdçi: Ye, iç

Bələdçi: Ye, iç

Növbəti paylaşım
Top