18.12.18

Hüsniyyə ilə bişiririk: Yeni il süfrəsi üçün 3 resept

İnsanlar, Qida, İlham
Hüsniyyə ilə bişiririk: Yeni il süfrəsi üçün 3 resept

Bu dəfə yeni ili evdə keçirib, öz əlləri ilə ev yeməkləri hazırlamaq istəyənlərə faydalı ola biləcək reseptlər seçdim, çox vaxt sərf etmədən yeni il süfrəsini bu reseptlərlə zənginləşdirə bilərsiniz. Əgər ana yemək üçün özünüzü çox yormaq və saatlar sərf etmək istəmirsinizsə, sadəcə sobada hinduşka və ya toyuq qızardın, yanında isə bu salat və qəlyanaltı ilə süfrəni tamamlayın. Sonda isə ənənəvi dadı olan, amma forması və hazırlanması ilə biraz asan başa gələn napolen ilə hamını təəccübləndirin.

Kartof püresindən şam ağacları

Bizə lazım olacaq: 

500 qr - Kartof püresi
1 dəstə - İspanağın püresi
1/2 yumurta
Duz

İstiot

Kartof püresini mütləq kartof əzən ilə etmək lazımdır, blenderlə etsəniz daha axışqan alınacaq və formanı saxlamayacaq, həmçinin  içinə azacıq pendir əlavə etmək olar, ancaq bu əlavə dadını zənginləşdirsə də, yenə də formasını saxlamayacaq. Püreyə duz, istiot, yarım yumurta ilə blenderdən keçirdiyimiz ispanaq püresini az-az əlavə edirik, lazım olan rəngi alana qədər əlavə etmək məsləhətdir.

Sıxma torbasına gül başlığını keçirib içinə  püreni doldururuq və yağlı kağız sərilmiş soba qabına hündür şam ağacı forması verərək yerləşdiririk, əvvəlcədən 180' qızdırılmış sobada təxminən 15-30 dəqiqə bişiririk, rəngini dəyişməməsinə diqqət etmək lazımdır, yoxsa gözəl yaşıl rəng qızararaq qəhvəyi rəngə çevrilər. Əgər ləvazimatlarınız olmasa, adi plastik paket və ya püreni içinə doldurub sıxa biləcəyiniz istənilən bir əşya ilə sadəcə yumru formada sıxa bilərsiniz.

Servis edərkən çox rəngsiz olmaması üçün mən ağacların yuxarı hissəsinə xama və ya mayonezlə nar dənələri yerləşdirdim.

Mal ətiylə salat

Bizə lazım olacaq: 

250 qr - Qaynanmış mal əti

150 qr - Bərk pendir

2 - Qaynanmış yumurta

1 çiy - Kök

Xırdalanmış qoz ləpəsi

Mayonez

Nar dənələri

Yarım baş - Soğan

Soğanı marinə etmək üçün:

1 ç.q - Şəkər tozu

1 ç.q - Sirkə

Duz

Qaynar su

İlk öncə soğanı yarım halqa şəklində doğrayıb üzərinə sirkə, şəkər tozu, duz və qaynayan vəziyyətdə olan suyu tökürük, (su soğanın üzərinə çıxanadək tökmək lazımdır) su tam soyuyanda artıq soğanlar hazır sayılır, suyunu tam süzürük.

İlk qat olaraq mal ətini doğrayıb servis edəcəyimiz qablara yerləşdiririk. Növbəti qata marinə olmuş soğanı yerləşdirib mayonez çəkirik. Xırdalanmış qoz ləpəsini və sürtkəcdən keçirilmiş yumurtanı əlavə edib yenə mayonez çəkirik. Sürtkəcdən keçirilmiş çiy kök və pendiri də əlavə edib yenidən mayonez çəkirik və sonda üzərinə nar dənələri düzürük. Bu salatı şüşə fincan, şüşə dondurma və ya desert qabında servis etmək daha gözəl görüntü əldə etməyə kömək edəcək, amma buna uyğun qabınız yoxdursa, klassik salatlar kimi bütün inqrediyentləri bir qabda qarışdıraraq süfrəyə verə bilərsiniz.

Napoleon  tortu

Bu formada napoleon  tortu çox tez və asan başa gəlir, həm vaxtı az olan, həm də uzun-uzadı xəmirlə əlləşmək istəməyən, xəmir alınar-alınmaz deyə narahat omaq istəməyən, amma dadlı ev tortu hazırlamaq istəyənlər üçün əla reseptdir. Əslində heç resept də demək olmur, daha çox ideya deyərdim. Keçim hazırlanma prosesinə. Marketlərdə hazır satılan qat-qat xəmir alırıq, onu biraz yayırıq və uzun lentlər kəsirik, təxminən 2-2,5 sm enində, uzunluğu isə xəmirin uzunluğunda saxlaya bilərsiniz. Xəmirlərdən bəziləri adətən rulon kimi bükülüb satılır. Onlardan alsanız daha rahat olar. Sobada həmin lentləri 5-10 dəqiqəlik bişirirsiniz, bir növ uzunsov napoleon çubuqları alınır. Tam soyuması üçün bir kənara qoyuruq. Keçirik kremi hazırlamağa, təbii ki, bu torta ən çox  yaraşan krem bişirmə kremdir.

Krem:
2 - Yumurta
180 qr - Şəkər tozu
2 q. - Un
1/2 paçka - Şəkərli vanilin
500 ml - Süd
200 qr - Kərə yağı

Yumurtanı mikserlə qarışdırırıq, üzərinə şəkər tozunu əlavə edirik qarışdırmağa davam edirik, unu və vanili əlavə edirik və sonda südü hissə-hissə əlavə edib tam qarışdırırıq.

Qalın dibi olan qazana töküb kremi bişiririk və soyuyanda ayrıca yumşalmış kərə yağını mikserlə krem halına gələnədək çırpırıq və bişmiş hissəni hissə-hissə əlavə edirik və krem hazırdır. Bu kremi saxlayanda üzərini kontakt formada streç filmlə bağlayırıq, yoxsa adi qapaqla bağlasaq kremin üzərində quruyub qat əmələ gəlir.

Artıq tortu yığmaq olar, falqa kağızının üzərinə krem çəkib napoleon çubuqlarından bir qat yığırıq, üzərinə krem çəkib eynilə davam edirik,çubuqlar bitənədək bunu edirik,sonra bu düzbucaqlı hazırladığımız tortu falqanın köməyi ilə kötük və ya rulet formasına gətiririk və azca sıxırıq ki formasını saxlasın,bir gecə soyuducuda saxlayıb sonra falqanı açırıq və servis edəcəyimiz qaba yerləşdirib üzərinə krem çəkirik və ovuntu əlavə edib giləmeyvələrlə dekor edirik və hazırdır. Dadı napoleondan heç fərqlənmir, ancaq hazırlanması qat-qat asan başa gəlir.

Baku Afisha məsləhət görür: Dinamo Hoteldə səhər yeməkləri

Baku Afisha məsləhət görür: Dinamo Hoteldə səhər yeməkləri

Top