27.03.19

Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

İnsanlar, Ast&Musiqi, İlham
Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

ARTIM Lab - Yarat! Contemporary Art Space-in gənc istedadlara master-klasslardan seminar və mühazirələrdən keçmək, müxtəlif mövzu və texnikalarla işləmək üçün imkan yaratdığı bir illik proqramdır. Bu yaxınlarda ARTIM Lab 2018 iştirakçıları 4 aprelə qədər ARTIM-da tanış ola biləcəyiniz öz yekun işlərini təqdim etdilər. Və bugün layihənin qalibi - "DIV” video qurğunun müəllifi Şəlalə Salamzadə ilə söhbət edəcəyik. 

İncəsənətə necə gəldin?

Bütün həyatım boyu bununla məşğul olmaq istəmişəm, bununla nəfəs alıram və həyatımın hər bir sahəsində bu var və uşaqlıqdan məni əhatə edir, təsiri altına düşməmək mümkün deyildi. Rəsm çəkirdim, öz rəsmlərimi divarlara yapışdırırdım, ancaq onda hələ onun vizual təcəssümünü seçəcəyimi bilmirdim, çünki bundan əlavə musiqi ilə məşğul olurdum, kitab oxumağa tez başladım. Hamı həyətdə oynayarkən mən elm və mədəniyyətlə maraqlanırdım. Valideynlərim əvvəlcə mənim filologiyaya getməyimi istədilər, ancaq imtahana bir ay qalmış mən  fakültəmi dəyişib, yaradıcılıq və intizamın birləşməsi kimi kompyuter elmləri və dizayn seçdim. Əvvəlcə çətin oldu, ancaq sonra öyrəşdim. 

Qlitç artla işləyirsən, öz tərzini necə tapdın?

Mən interyer-dizayner idim, ancaq zaman keçdikcə mənim kimi azadlıq sevən biri üçün ofis işində çox çərçivə olduğunu hiss etdim. Elə burda da ağlıma texnologiya sevgimi incəsənətlə birləşdirmək fikri gəldi. Anam İT sahəsindəndir, ona görə uşaqlıqdan kompyuterlər, kabellər və ehtiyat hissələrilə əhatə olunmuşdum. Mənim texnologiya ilə kooperasiya sahəsinə səyahətim belə başladı. Mən hərşeyi başa düşməyə, tam məqsədi anlamağa, faylları qırıb, kodları dəyişməyə çalışırdım. Bununla qarşılıqlı əlaqə və mahiyyətin necə dəyişdiyini görmək mənə maraqlı idi. Beləliklə də mən qlitç arta gəldim.

Biraz iş prosesi haqda danış.

Öz həyatımı analiz edərkən anladım ki, bizə səhf kimi görünən hərşey pis sona aparmır. Çox vaxt əksinə olur, hətta hərşeyin çox pis olduğunu düşündüyün anda belə pozitiv nəsə olur. Bu da məni ilk layihəm olan səhf incəsənətinə gətirdi. "İntrospecto" - bu mənim sınağım və fayl və texnologiyalarla nə qədər uzağa gedə biləcəyimim yoxlamasıdır. Mən vəfat etmiş insanların retro şəkillərini topladım və jpg faylları qıraraq, kodlaşdırmaya başqa elementlər yükləməyə başladım. Belə deyək ki, bu mənim kompyuterlə iş birliyimin nəticəsidir. Və buradq sual yaranır ki, gələcəkdə incəsənət necə görünəcək, süni intellektin bunda rolu necə olacaq? Mənim işlərimdə nəticə hər zaman gözlənilməzdir. Və bu da məni rəssamlardan fərqləndirir, onlar süjeti beyinlərində saxlayırlar, yekunda nə əldə edəcəklərini bilirlər. Burada mənim həyatımla bəzi parallellər var, orada da təsadüflər çoxdur.

Sevdiyin material hansıdır, başqa nə ilə işləyirsən?

Mən əsasən dicital mühitlə işləyirəm. Rəssamlıq təhsili almışam, rəsm çəkməyi, fırça ilə rəftarı bacarıram, akademik baza keçmişəm. Fakültəm ciddi idi, rəsm çəkməyə məcbur edirdilər. Ancaq bu daha çox əlavə kimidir. Mən botanik və işsevənəm, qurğularla, video qurğularla işləyirəm, kurator kimi çıxış edirəm, sınaqlar keçirməyi sevirəm. Özümü rejissor kimi yoxlamaq istəyirəm. Kadr arxasında olmaq istəyirəm, bu sənədli film ola bilər. 

İnsanlar bu və ya digər işinin nə haqda olduğunu tez-tez soruşurlar?

Sərgilərdə tez-tez olur. Əslində insanların yaxınlaşması xoşuma gəlir, gözlərinin necə parladığını görürəm, onlar işin mənasını soruşurlar, çünki bu onlar üçün yeni bir şeydir. Mən incəsənəti anlatmaq lazım olduğunu hesab edənlərdənəm. Əlavə məlumat işi içərdən anlamağa, onu açmağa kömək edir, çünki ilk baxışdan anlamamaq normaldır. Sərgiyə gələn insan sadə bir şey görür, o kiməsə sual verməlidir. Bu davam edən bir performansdır. Düşünürəm ki, müasir incəsənət inkişaf etdirməli, suallar, fikirlər, mübahisələr yaratmalıdır. Yaratdığım şeylərin bir mənasının olması mənim üçün vacibdir. Mən konsepsiyaya çox bağlıyam və özüm də həmişə sual verirəm: "Niyə?"

Sərgilərin ziyarətində hansı tendensiyanı görürsən?

Əsasən, gənclər gəlir. Hesab edirəm ki, insanları müasir incəsənətə cəlb etmək lazımdır. Çoxları hələ onu anlamır və bu onlara qəribə gəlir, ancaq yaradan insanlara dəstək lazımdır. Onu göstərməyin ən yaxşı yolu da - sərgilərə gəlmək və müəlliflərə dəstək olmaqdır. Yarat kimi platformalar incəsənəti populyarlaşdırmaq üçün çox işləyirlər. Və situasiya daha da yaxşı olur. 

İlhamlanmağa inanırsan?

Məncə incəsənətin böyük hissəsi - işdir. Hətta nə edəcəyini, necə edəcəyini bilməsən də başlamaq lazımdır, proses zamanı bütün cavablar gələcək. İlham - müvəqqətidir, mən öz ilhamım haqda yazsam da, onun mənə baş çəkməsini gözləmirəm. İdeyalarla necə işlədiyimlə bağlı kiçik bir sirr: mən nə isə fikirləşirəm, bunu qeyd edirəm, sonra hamsını analiz edirəm, gözümə dəyənləri ayırıram və bununla işləməyə çalışıram. Əgər ağlıma heçnə gəlmirsə, başqa qeydlərə baxıram. İndi təxmini 80 ideya toplanıb. İşləməli çox şey var.

Səncə təhsilin incəsənətdə nə kimi rolu var?

Məncə istedad - doğuşdan gələn birşeydir, onu öyrənmək olmaz. Görürəm ki, müasir rəssamlar çox fərqlidirlər, hərşey vergidən, fərqli düşüncədən, yeni yanaşmadan, yumor və istehzadan asılıdır. Texniki olaraq natürmort çəkmək mümkündür, ancaq öz ideyanı gətirmək, problemi tapmaq - bunlar üçün çərçivədən kənara çıxmaq lazımdır. Digər masterləri nə qədər çox öyrənsən, daha pis olmaqdan, bənzəməkdən bir o qədər çox qorxursan. Biz artıq hərşeyin olduğu bir dövrdə yaşayırıq və plagiatla yenidən düşünmə arasında çox nazik bir sərhəd var. Burada əlbəttə ki, özün kimi qalmaq istəyirsən, bunun üçün isə ağ səhifədən başlamağı bacarmaq lazımdır. 

Gələcək üçün planların?

Öz təhsilim üzərində işləməyi planlayıram. Profil institutlarına qəbul olmaqda bir anlam görmürəm, hərşey çox tez dəyişir, ancaq mən kurslar keçməyi, fəlsəfə öyrənməyi düşünürəm, çox oxuyuram. Sərbəst qrafiklə təhsil daha asan olur, 10-12 saat dərslə məşğul ola bilərəm. Və əlbəttə ki, öz ideyalarımı reallaşdırmaq istəyirəm. Musiqi və video ilə daha çox sınaqlarım ola bilər. Məsələn, indi qlitç muğam üzərində işləyirik.

"Sağlam ol: gözlər ürəkdən daha zərifdir"

29-30-31 mart üçün 9 məşğuliyyət

29-30-31 mart üçün 9 məşğuliyyət

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top