#WINTER
25.01.19

Necə qurulub: Sintetik

İnsanlar, Ast&Musiqi, İlham
Necə qurulub: Sintetik

Süni səsləri, dinamik və mexanik ritmləri sevənlər Sintetiki canlı, keyfiyyətli elektron musiqisi olan bir yer kimi tanıyırlar. Biz texno-klubun qurucuları Həzi Kərim və Leo Xəzri ilə Bakı reyverləri arasındakı fərqlər, texnonun məşhurluğu və texnik çətinliklər haqda danışdıq:

Bakıda texno-klub açmaq fikri necə yarandı?

2016-cı ilin ikinci yarısında bizim bütün dostlarımız və tanışlarımız alternativ elektron musiqili bir tədbir keçirə biləcək məkanın yoxluğundan şikayət edirdilər. Texno və ya elektro dinləmək, rəqs etmək və hətta ifa etmək üçün heç məkan yox idi. Ona görə də biz özümüz təkcə elektron musiqisi deyil, alternativ mədəniyyətin hər növü üçün bir qeyri-kommersiya meydançasını yaratmaq qərarına gəldik.



Niyə klubu məhz "Sintetik" adlandırdınız?

Yuxarıda göstərilən müxtəlif səslər sintezinə və elektron musiqinin texnoloji təbiətinə əlavə olaraq, fikir bizim cəmiyyətdə hökm sürən bəhanə mədəniyyəti ilə təklif edildi. Ona görə də klubun sloqanı "Artificial music for artificial city" (süni şəhər üçün süni musiqi) oldu. İdentiklik vermək üçün adını məhz öz doğma dilimizdə qoyduq.

                                                                                                                                       


Əsas maneələr nələr oldu?

Qarşılaşdığımız ilk problem - məkanın səs və akustik quraşdırması üzrə mütəxəssisin olmaması idi. Yaxşı səsə nail olmaq üçün heçkimi tapa bilmədik. Xaricdən mütəxəssis gətirmək büdcəmizi aşırdı və səs texnikasını özümüz öyrənməli olduq. Sonra məlum oldu ki, Bakıda alternativ səhnə artistlərinin sayı hətta bir klubu ayaqda tutmaq üçün belə yetərli deyil. Biz xaricdən artistlər gətirməyə başladıqda isə ortaya çıxdı ki, bir çox avadanlıq növlərini Bakıda kirayə götürmək olmur. Onlar sadəcə olaraq yoxdur.

Rəsmi açılış nə zaman oldu?

İlk əyləncəmiz 2016-cı il 25 noyabr cümə günü oldu. Təmtəraqlı açılış elan etmədik. Facebook-a ivent qoyduq və hamı toplandı.

                                                                                                                                     

Başlanğıc büdcə və ştat necə idi?

Biz 4 nəfərlik minimal ştatla başladıq. Sintetik böyük bir klub deyil, 150 kvadrat metrdən biraz çoxdur. Köhnə məkandan bir çox avadanlıq və mebellər qalmışdı. Ona görə büdcə minimal idi. Hər şeyi iki həftə ərzində təmir etdik və boyadıq. O vaxtdan klubda həmişə nə isə dəyişir və yaxşılaşır. Belə formatda olan bir məkanda böyük təmir işləri aparmaq mümkün deyil.

Sintetiki xüsusi edən nədir?

İlk növbədə keyfiyyətli səs. Bizim bacarıqlı Namiq dayı tərəfindən əl ilə qurulmuş saund-sistemimiz səsləndirmədən tam həzz almaq imkanı yaradır. İkincisi, unikal kontent. Sintetikdə janrların müxtəlif spektrlərini və az tanınan unikal kompozisiyaları eşitmək olar. Və əlbəttə ki, qeyri-adi auditoriya və minimalistik interyerin yaratdığı abhava.

                                                                                                                                   

Burada hansı musiqiləri eşitmək olar?

Avanqard elektron musiqidən əlavə, yerli eksperimental artistlərin və kollektivlərin "canlı" çıxışları da olur. Sərt texno burada əsas səsləndirmə kimi qəbul olunsa da, biz auditoriyanın musiqi zövqünü maksimal dərəcədə böyütməyə və müxtəlif istiqamətlərdə tədbirlər keçirməyə çalışırıq.

Ötən iki il ərzində hansı tədbirləri ayırardınız?

Hər cümə və şənbə keçirdiyimizi nəzərə alsaq, bu vaxt ərzində olduqca çox tədbirlərimiz olub. Hər biri özündən sonra unudulmaz iz buraxır. Xaricdən gələn masterlərlə olan tədbirlərdən Ukraynalı texno canavarı - Stanislav Tolkaçevla, rus texno ulduzu - Nikita Zabelinlə, elektron musiqinin fransız əfsanəsi Zadiglə olam tədbirlər yadda qaldı. Əlbəttə ki, eksperimental musiqinin aparıcı Avropa festivalı Unsound, səs və işıq masterlərinjn böyük bir komandası ilə iki yay axşamı xüsusi bir hadisə idi. Bu yaxınlarda iki alman əfsanəsi Fiedel və Dj Pete ilə olan tədbir isə hələ uzun müddət yaddaşlarda qalacaq. Yerli djlər də unudulmaz təəsüratlar yarada bilirlər. Klubun iki illiyində demək olar ki, Sintetikin bütün rezidentlərinin çıxış etməsi də unudulmaz idi. İranın Deep House Tehran formasiya djlərinin çıxışı da möhtəşəm idi. İrandakı kolleqalarımızın nə cür çətinliklərlə qarşılaşdığını və xaricdə çıxış etmək üçün hər bir fürsətə necə sevindiklərini təsəvvür etmək çətindir.

                                                                                                                                    

Hal-hazırda olan kollektivdə klubun yarandığı gündən işləyənlər varmı?

Bizim "xalamız" Olya təmizlik və səliqə-sahmana ilk gündən nəzarət edir. Rahatlıqla demək olar ki, o Bakıda heç bir reyverin yuxusunda da görmədiyi qədər çox sayda reyvdə olub. 

Hansı məşhur qonaqlar artıq Sintetikdə dj pultunda olublar?

Çox müxtəlif ifaçılar spektri. Texno canavarlar Kangding Ray, Zadig, Stanislav Tolkaçev, Fiedel, Dj Pete, FIT Siegel, Eric Cloutier, Nikita Zabelin və gənc ulduzlar Rene Audiard, Svarog, Vladimir Dubışkin, London leyblı Weekend Circuit-in qurucusu – Michael Well, Ukrayna formasiyası Sxema-nın yaradıcısı - Slava Lepşeev, Rusiya texno səhnəsinin zərb gücləri Synchronized, Sasha Prana, Yuriy Retz və Rabitz Moskva Klubunun qurucusu - Sariim, alman eksperimental musiqi veteranları Rabih Beaini, Errorsmith, həmçinin gürcü artistlər Newa, Forest, Greenbeam & Leon.

                                                                                                                                   

Bənzəmək istədiyiniz bir klub varmı?

Öz üzünü və yerli kimliyini yaratmaq və qoruyub saxlamaq çox vacibdir. Lakin ayrı-ayrı komponentlər üzrə sıralasaq, davamlı inkişafın üç əsas istinad nöqtəsi var. Akustikası yeni, ancaq ideal səsi artıq məşhurluq qazanmış Münhendə Blitz klubu. Konsepsiya və artistlərlə işə görə Berlində Tresof. Abhava və kontingentə görə Londonun ist-end klubları.

Sintetikin kontingenti necədir?

Əsasən yaradıcılıq sahəsində olan 20-25 yaşlı qızlar və 25-30 yaşlı oğlanlar, xidmət sahəsindən gənc professionallar, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri. Bir hissə bu tərz məkanlarda xarici ölkələrdə olub, digərləri bunu ilk dəfə Bakıda görüblər. Onların hamısını mehriban və rahat davranış, açıq dünyagörüşü və musiqiyə olan sevgi birləşdirir.

                                                                                                                                   

Bu yaxınlarda siz dj məktəbinin yarandığını elan etdiniz? Sizi buna nə cəlb etdi?

Bakı elektron musiqi səhnəsində çox məhdud sayda ifaçıların olması. Tədbir və afişaların çoxu 6-7 nəfər djin olduğu .

siyahıdan ibarətdir. Belə halda səhnə inkişafından söz belə açmaq olmaz. Biz hesab edirik ki, kifayət qədər istedadın olması həm auditoriya, həm də klublara və bütün andeqraund səhnəsinə təkan verəcək.

Siz hansı musiqini dinləməyi sevirsiniz?

Hamının individual tərcihləri var, ancaq müxtəliflik fərqləndirən cəhətdir. Biz cürbəcür musiqilər dinləyir və tanımadığımız kompozisiyalara üstünlük veririk. Müxtəlif kontent hisslərin təzəliyini saxlamağa və dadı kəskinləşdirməyə kömək edir.

                                                                                                                                  

Öz məkanını açmaq istəyənlərə bir neçə məsləhət?

Birincisi, emosional yükə hazır olmaq. Stress çox olacaq. Maksimal stress xəyal edin və onu ikiyə vurun. İkincisi, məsləhət və kömək almaqdan çəkinməyin. Hərdən heç gözləmədiyiniz yerdən problemin həlli çıxa bilər. Üçüncüsü, rahatlıqla Sintetikdən kömək istəyə bilərsiniz. Ölkəmizdə alternativ səhnənin inkişafı üçün məlumat və başqa əlimizdən gələnlə kömək etməyə şad olarıq. Bakıya 4-5 klub lazımdır ki, mədəniyyətin inkişafı haqda rahat danışaq.

25-26-27 yanvar üçün 8 məşğuliyyət

25-26-27 yanvar üçün 8 məşğuliyyət

Back To The 80s: 8 atmosferli film

Back To The 80s: 8 atmosferli film

Növbəti paylaşım
Top