#SUMMER
08.08.18

Kübra ilə bişiririk: Tərəvəzli toyuq budları

İnsanlar, Qida, Sağlam həyat
Kübra ilə bişiririk: Tərəvəzli toyuq budları

Fud-bloqer Kübra Kərimli Baku Afisha oxuyucuları ilə şəxsi reseptlərini paylaşmaq qərarına gəldi. Bu gün o həyatda və mətbəxdə rahatlığın önəmindən danışacaq və bizimlə tərəvəzli toyuq budları reseptini paylaşacaq:

Salam, mən Kübra Kərimli, həvəskar bişirən, food bloger, üç uşaq anası, sağlam həyat sürən həyat yoldaşının həyat yoldaşı, Facebook və Instagramda «Жена Пепешника», «Азербайджанская Кухня» və s. qruplarının admini, pioner olmaq arzusunda olan oktyabryonok, "idmançı" və nəhayət gözəlçə. Hal-hazırda İstanbulda yaşayıram və mətbəx eşqimi buradan anlatıyorum.

İnsanın həyatında ən vacib məqamlardan biri, bəlkə də birincisi rahatlıqdır. Hər işdə insan rahat olmalı və ətrafdakılara da rahatlıq bəxş etməlidir – sərin ofisində oturarkən, evdə kreslosunda televizor seyr edərkən, qarajında maşınını düzəldərkən, baxçaya uşaq apararkən, eyvanında oturub çay içərkən, mətbəxində yemək bişirərkən, məsələn. Hazırda populyar olan və hamını dəng edən stress bizi rahatlıq buludundan salmağa çalışsa da, biz buna qarşı mübarizə aparmalıyıq. Mütləq! Özümüz, daxildən, birinci şəxsimizdən başlamaq şərti ilə!

Rahatlıq haqqında niyə yazmağımın səbəbini biləndə bəlkə də güləcəksiniz. “Gülməyin” də deyə bilməyəcəm. Gülün, gülün, gülüş də insana rahatlıq bəxş edir. Siz rahatsınızsa, ətrafınız da xoşbəxt olacaq, əmin olun!

Gülüş insana rahatlıq bəxş edir!

İşimlə əlaqədar bir müddətdir ki, İstanbulda yaşayıram. Əminliklə İstanbulu rahat şəhər adlandıra bilərəm və adlandırıram da! Şəxsən mənim üçün o qədər rahatdır ki! Üç uşaq anası olan mənə o qədər rahatlıq verir ki!

Bu rahatlıq da ən sadə, ən elementar, eyni zamanda da çox vacib şeylərdən başlayır.

Öncə deyim ki, mətbəx mənim həm dincəldiyim, həm də türklər demişkən “kafa çalışdırdığım” bir yerdir.

Niyə kafa? Çünki hazır reseptlərdən çox, əlimin altında olan məhsullardan istifadə edib yeməklər hazırlamağı daha çox sevirəm. Soyuducunu açıram və sanki #başınıişlətyeməkbişirgörəkhamıbəyənsin heşteqi olan bir çağırışa qoşuluram və bişirəcəyim yemək ətrafında baş işlətməyə çalışıram.

Bu dəfə də soyuducuna açanda gözümə toyuq budları, iki çür bibər, pomidor və göy-göyərti sataşdı. “Sataşdıysa” mütləq cavabını almalıdır.

İstanbulun mənim rahatlığım üçün öncədən dəridən təmizlədiyi toyuq budlarını yaxşıca yudum və gəşəngcə duzlayıb-istiotladım. Bir az soya sousu, bir az paprika, pul bibər, azacıq sarıkök əlavə etdim.

Tərəvəzləri yuyana qədər toyuq “ayaqları ədviyyatlara dolaşmış” vəziyyətdə qaldı (təxminən 25-30 dəqiqə).

“Tərəvəzləri yumağın nə çox çəkdi? Bəyəm onları palçıqdan çıxarmışdın?” kimi suallar kafanıza gəldiysə, “arada bir bardaq dibek kahvesi içdim” deyəcəm. Dadına baxmısınızsa, ləzzətini bilirsiniz. Mənim kimi, acı türk qəhvəsini içməyənlər üçün ideal variantdır.

Beləliklə, tərəvəzlər – iki cür şirin bibər (növlərini (biri nazik, uzun, şirin bibərdir, digəri isə uzun, amma o qədər də nazik olmayan, el arasında “köy (kənd) bibəri” kimi tanınandır)) fotolardan görə bilərsiniz, öz variantınızda sizə rahat olan bibərlərlə əvəz edə bilərsiniz), pomidorlar (mən kiçik pomidorlardan istifadə etdim) yuyuldu.

Toyuq budlarını öncədən qızdırılmış bitki yağında o üz, bu üz qızartdım. Üzərinə heç bir simmetriya güdmədən, xaotik, yaradıcı səliqəsizlik şəklində tərəvəzlər düzdüm. Tərəvəzlərin üzərinə də duz (yeri gəlmişkən Himalay duzundan istifadə edirəm, adi duzdan qat-qat faydalıdır, maraqlanın), istiot, pul bibər, sarıkök səpdim. Dibinə az miqdarda su əlavə etdim, lap az. Qazanın qapağını bağladım və 35-40 dəqiqə tərəvəzlərlə qucaqlaşmış toyuq budlarını rahat buraxdım.

İstanbulun rahatlığı isə bir aləmdir. Ən azı mənim üçün vacib olan mətbəx işlərində. Balığı və digər bütün dəniz məhsullarını təmizləyib, az qala bişirib sənə verirlər. Ət növləri ilə də məsələ eynidir. Sümükləri, dərisi təmizlənmiş, kiçik, orta, böyük hissələrə doğranmış... gətirirsən evə, yuyursan və bişirirsən. Tez və rahat!

Beləliklə, qazanın qapağı açılmamaq şərti ilə, 40 dəqiqədən sonra qazı söndürdüm. Keşniş, azacıq cəfəri və yaşıl soğanı xırda-xırda doğradım. Toyuq budlarını böyük bir boşqabın düz ortasına qoydum, ətrafını tərəvəzlərlə bəzədim və doğradığım göyərtinı səpdim. Boşqab dərhal gözəlləşdi və bəlkə də rahatlaşdı. Artıq o boz, yaraşıqsız, maraqsız deyildi, ailənin bütün diqqəti ona yönəlmişdi. Çəngəllər də tam hazır vəziyyətdə idilər!

Çimərlik üçün 5 kitab

Çimərlik üçün 5 kitab

Növbəti paylaşım
Top