#AUTUMN
03.08.18

Like a local: Berlin

İnsanlar, İlham
Like a local: Berlin

Tələbə Famil Ağakişiyev stomatoloq olmaq fikrindən yayındı və Almaniyanın paytaxtına arzuladığı şeyi öyrənməyə getdi. Famil Baku Afishaya Berlindən nələr gözləmək və nələrə ümid bağlamamaq haqda danışacaq:

Özün haqda danış. Haradan, niyə və nə vaxt Berlinə köçdün?

Mənim 26 yaşım var və həyatımın böyük hissəsini (8 il) mən stomatologiyanı öyrənmə sərf etmişəm, lakin bir gün sanki beynimdə zəncirlər qırıldı və xarakterimə daha yaxın bir şeylə məşğul olmaq istədim. Və əgər yenidən başlayıramsa, niyə də təhsil almaq və həyat təcrübəsi toplamaq istədiyim yerdən başlamayım? Bir neçə variant baxıb, Almaniyanın 7 universitetinə jurnalistika və ədəbiyyata sənədlərimi verdim. Berlindən təklif alan kimi digər kiçik şəhərlərdən gələn bütün təklifləri unutdum.

Almaniyada nə ilə məşğul olursan?

Hal-hazırda oxuyuram və işləyirəm, "mədəni jurnalist" kariyerama başlamağa çalışıram. Öz fikir və ekspressiyalarımı alman dili strukturuna uyğunlaşdırmağa çalışıram.


Köçdükdən sonra ilk təəssüratlar necə oldu?

Düzünü desəm, mənim Berlində kafedə çemodan, qızdırma və illərin toplanmış yorğunluğuyla keçirdiyim ilk bir neçə saat məni qorxutmuşdu. Birdən birə özümü itmiş və gücsüz kimi hiss etdim.

Birinci il qəribə idi, gözəl yerlər mənim tələbə yataqxanamdan olduqca uzaqda idi, şəhəri də o qədər bəyənməmişdim. O çirkli, qarışıq və həddindən artıq təbii idi. Əvvəlcə bu "individuallığı" qəbul edə bilmirdim, indi isə başqa bir şeyi təsəvvür belə etmirəm.

Şəhər gözlədiklərinizi qarşıladımı?

Mən tamam başqa şeylər gözləyirdim, çünki köçənə qədər mən də tamam başqa biriydim. Mən ulduzların böyük konsertlər verdiyi, yaşamaq üçün hər şeyin olduğu, insanların yaxşı qazandıqları, darıxdırıcı olmayan "böyük Avropa şəhərində" yaşamaq istəyirdim. Əslində isə elə alındı ki, böyük konsertlərə mən artıq getmirəm, Berlində isə Qərbdəki kimi yaxşı qazanmırlar. Vacib olan başqa şey idi: insanlar və şəhərin fərqliliyi. Mən əvvəldən bunu düşünməmişdim, ona görə də gözlədiyimi deyil, daha artığını aldım.

Gözlədiyimi deyil, daha artığını aldım

Niyə Almaniya, Berlin?

Bu gün təkcə ingilis dili bəs etmir, onu hamı bilir. Şansımı artırmaq üçün beş il əvvəl mən almanca öyrənməyə başladım. "Qədim italyan mədəniyyətilə yaşamaq" və ya "hər zaman Avstraliyada bir yerlərdə sosiofob olmaq istəmişəm" kimi xüsusi istəklərim olmayıb. Bundan əvvəl heç Avropada olmamışdım. Düşündüm ki, Almaniya liberaldır, xaricilər üçün bura daha rahatdır. Dili ən az üç ölkədə lazım olacaq. İqtisadiyyatı da dünyanın ən güclülərindəndir. Berlin isə paytaxtdır və nə vaxtsa kimsə orada hər şeyin əla olduğunu demişdi.

Məyus olmamaq üçün Berlindən nələr gözləmək lazım deyil?

Bilmirəm, insanlar Avropaya köçəndə əsasən nə gözləyirlər. Sakitlik və rahatlıq? Bu da var. Xaos, çirk və əyləncə? Yetərincə. Mən heç nə gözləmirdim,  olduqca böyük bir buket aldım. Berlində hər şey o qədər azaddır ki, konservativ insanlar burada yaşaya bilməz. Onlar qayda-qanun çatışmamazlığı hiss edirlər. Əgər siz əfsanəvi alman dəqiqliyi və ciddiliyini axtarırsınızsa, onda bura sizlik deyil. Burada hamı gecikir və günlərlə telefona cavab vermir. Əsas odur ki, burada sən özün kimi ola bilirsən və hər bir halda səni başa düşürlər.

Berlində qənaət edərək qalmaq və şəhəri içərdən görmək istəyənlərə nə məsləhət görərdin?

Yaşayış yeri qiymətləri son illər artır, ancaq yenə də qərb şəhərlərinə nisbətən daha ucuzdur. Əsl Berlinlilər çox şikayət edirlər ki, hardasa 10 il əvvəl Berlində bir otaq tutmaq çox ucuz idi. Qiymətlər əsasən hipsterlərin 20 nəfərlik qruplarla getdikləri rayonlarda daha çox artır. Bu məhz Berlinin harasında Prenslauer Berq, Kroysberq və ya Noykelndə yaşadığından asılı olmayaraq, cavanların gəlib, gəzdikləri, pivə içdikləri rayonlardır.

Əlbəttə ki, kənarlar, daha sıxıcı rayonlar var, oralar daha ucuzdur. Burada inanılmaz mənzil rəqabəti var. Ona görə də əgər ucuz yaşayış yeri tapmısınızsa, qalan hər şeyi həll etmək olar. Büdcəyə uyğun seçimlər var: məsələn, hər çərşənbə axşamı Berlin filarmoniyası zalında pulsuz konsert, və ya pulsuz/ucuz sərgilər, universitet və ya kiçik kinoteatrlarda pulsuz filmlər, ucuz qəhvəxanalar, hər şey var, sadəcə nəyin necə olduğunu bilmək lazımdır. Supermarketlərdə hər cibə uyğun məhsullar var. Ancaq heç kim sizə yalan deməyəcək, pendir nə qədər ucuzdursa, tərkibində kimyəvi maddə o qədər çoxdur.

Qənaət və Berlin bir-birilə uyğunlaşır, xüsusilə də əgər siz tələbəsinizsə. Teatr, sərgi, konsertlərə endirimlər, pulsuz gedişlər. Berlində tələbə olmaq yaxşıdır.

Şəhəri tanımaq üçün nə qədər vaxt lazımdır?

İnsandan asılıdır: mənə çox vaxt lazım oldu, hələ də prosesdəyəm. Düşünürəm ki, əgər işləyir və ya oxuyursunuzsa, 5-6 aydan tez tanışlıq mümkün deyil. Xüsusilə də ilk vaxtlar ünsiyyətdə olduğunuz kimsə də yoxdursa. Mənim üçün əsl tanışlıq dostlarla başladı. İndi mənim öz dostlarım və tanışlarım var və özümü artıq Prenslauer Berqdə bir neçə minlik mənzil tutub yaşamaqdansa daha yaxın hiss edirəm.

Berlində tələbə olmaq yaxşıdır

İlin hansı vaxtı getmək daha yaxşıdır?

Mən daha çox yazın son ayları və yayın ilk aylarını sevirəm. Burada çox isti olmur, Berlinlilər üçün 30˚С artıq dünyanın sonu deməkdir. Qış soyuq olur, ancaq yenə də dözülməz deyil. Dostlar və pivə olarsa, dözmək olar.

Harada yemək, harada yaşamaq, nəyə baxmaq, necə hərəkət etmək olar?

Evdə yeyin, çünki yaxşı kafe və restoranlarda yaxşı yemək baha olur. Alman mətbəxi demək olar ki, yoxdur, ona görə də çox şey qaçırmayacaqsınız.

Nəyə üstünlük verdiyinizdən və imkanlardan asılı olaraq Şeneberq, Şarlottenburqda (xoş, gözəl və hədsiz tez olmayan), Prenslauer Berq və ya Kroysberqdə qala bilərsiniz. Berlində ən maraqlı və gözəl şeylər buralardadır.

Brandenburq qapıları, Reyxstaq, muzey adaları və daha bir çox şeylərin olduğu mərkəzi unudun. Bir-iki dəfə gedin və unudun, bu Berlin deyil, yalnızca onun turistik attraksionlarıdır.

Burada nəqliyyat çox pisdir. Yerli nəqliyyat firmaları insanları razı salmaqdan o qədər ümidsizdir ki, hətta reklamlarda belə özlərinə lağ edirlər. Deyəsən elə hər şey bu cür etibar səviyyəsində də saxlanılır.


Berlin üzrə üç layfhak?

1. Hər çərşənbə günü B-Flat paba pulsuz caz-konsertə gəlin. Caza deyil, klassikaya üstünlük verirsinizsə, onda hər çərşənbə axşamı Berlin filarmoniyasında Lunch-Concertə gedin. Səhf etmirəmsə, o Avropanın ən yaxşılarındandır. Vaxtaşırı ulduzlar gəlir və çox miqdarda pullar alırlar.

2. Mən başqa şəhərlərdə hər zaman universitətlərə gedirəm. Şəhər gənclərinin əhvalını əks etdirir, bundan əlavə hər zaman maraqlı memarlıq işləri, ucuz qəhvə, tanışlarınız varsa, onların sayəsində yeni tanışlıqlar olur. Çoxları universitetlərdə məhz yeni tanışlıqlar, əhval üçün oxuyurlar. Kitabxanalara da getmək olar. Başqa şəhərlərdə necə olduğunu bilmirəm, ancaq Berlində kitabxanalardan istədiyiniz zaman istifadə edə bilərsiniz, hətta qeydiyyatınız (kitabı evə aparmaq üçün) olmasa belə.

3. Əgər uzun müddət qalmaq və ya vaxtaşırı gəlmək istəyirsinizsə, dili öyrənin. Biraz təkəbbürlü səslənə bilər, amma mənə elə gəlir ki, şəhəri və onun mədəniyyətini tanımaq üçün dil ən yaxşı vasitədir. 


Berlin üzrə ideal marşrutu bizimlə paylaş?

Şəhərdə bir neçə yer var ki, mən həmişə ora qayıtmaq istəyirəm. Məsələn, mərkəzdə mən nadir hallarda oluram: oralar bahalıdır, turist çoxdur və beynəlxalqdır. Ancaq hərdən Friedrichstraße, Grimm Zentrum, Humboldt universitetinin (must see) kitabxanasına yollanıramsa, Unter den Lindenə qədər gedirəm. Bu küçə Brandenburq qapılarından mərkəzin bütün gözəl binalarından muzeylər adasınadək uzanır.

Prenslauer Berqdə Schönhauser Allee-yə gedin və çayın kənarı ilə gəzin. Yol üstündə çoxlu maraqlı küçələr görəcəksiniz, gedin, ancaq yol göstəriciniz çayı itirməyin. Bəlkə təsadüfən şəxsi bazara və ya mini əyləncəyə rast gələrsiniz, adətən belə yerlərə sadəcə sahibini mehribanca salamlayıb girə bilərsiniz. 

Əslində, ideal marşrut yoxdur. Şəhər böyükdür, maraqlı şeylər çoxdur. Barşauer ştrase əyləncə sevənlər və alternativ əhval üçün, Treptover Park, Zooloqişe Qarten və ya Rathaus Şenenberq Parkı təbiətdə piknik üçündür. Yayda sərin sulara girin, burada bir neçə böyük göl var: Nikolaszee, Vanzee, əsasən şəhər kənarlarında, insanların az olduğu yerlərdə.


Sevdiyin üç qəhvəxana?

Mən qəhvəxanalardan çox pablara gedirəm, ona görə də üçünü yadıma sala bilmərəm.

Mərkəzdə, Unter den Lindendə Digital eatery kafesi var, burada ucuz qiymətə qəhvə içmək və məşq etmək (və ya oyun oynamaq) olar.

Noykelndə Laidak var, buraya da tez-tez gedirik. Gündüz qəhvəxana, axşam pab. Sadə bir məkandır, divarların boyası qopmuş, hamı saqqallı və gülərüz. Kitab rəfləri, ucuz qəhvə və pivə. Əgər Berlinlilərin boş vaxtlarında necə əyləndiklərini anlatmalı olsam belə olardı: onlar çox dar məkanlarda, rahat olmayan stullarda oturur, ekoloji təmiz məhsullara çox pul ödəyir, bir-birinə gülümsəyir və işlərində stress olmasına imkan vermirlər.

Üçüncü qəhvəxana bilmirəm, daha doğrusu birini demək istəyirəm, lakin adını xatırlamıram. Rəfiqəmdən məsləhət istədim, o da fikirləşib dedi ki, Five Elephants çox maraqlı məkandır. Düzdür, niyə fillər və niyə beş olduğu sualıma cavab vermədi və mən bütün gün oturub onu fikirləşdim. 


Şəhərdə nəyi mütləq yoxlamaq lazımdır?

Hm. Deyəsən teatrlar haqda heç nə deməmişəm. Berlində bütün dünyada tanınan çox gözəl teatrlar var, tamaşaların çoxu ingiliscə subtitrlarla olur. Berlin Schaubühne-ə Tomas Ostermayerin Hamletinə gedin. Həyatınız çox dəyişəcək.

Bundan başqa Berlinin böyük bazarları məşhurdur. Çox nadir halda mən bir hayp ayırıram və şiddətlə tövsiyə edirəm: Mauer parkdakı məşhur bazar daha çox turistlər üçündür, ancaq Prenslauer Berqdə Schönhauser Allee metro stansiyasında çox maraqlı bazar olur, amma səhər tezdən gəlmək daha yaxşı olar.

Arkona platzdakı bazarı da çox sevirəm, çox qarışıqlıq deyil və seçim genişdir. Ümumiyyətlə özünüzə istirahət günü ayırın və Prenslauer Berq və Kroysberqdə bir bazardan digərinə gəzin. Peşman olmazsınız.

Alış-verişə deyil, təəssüratlara pul xərcləyin

Ən sevdiyin alman yeməyi hansıdır?

Bu sual haqda çox düşünmüşəm. Cavab sadədir: alman mətbəxi çoxlu ət, ya və buna bənzər şeylər deməkdir. Bu isə ziyandır. Üstəlik, Berlinin hipster gəncləri ət yemirlər. Mənim ətrafımda da bunu heç kəs etmədiyinə görə marağım itdi, bu da o deməkdir ki, alman yeməklərini yemirəm və sevmirəm (karri-vurst - ketçup və bir çox ədviyyəli sosislər, boşa verilmiş 3 avro).

Almanlar və Berlinlilər sənə nə öyrətdi?

Almanlar nə öyrədib heç bilmirəm. Demək olar ki, hamı deyir, Berlin Almaniya deyil. Berlinlilər daha yavaş templi həyatı öyrətdilər. Özünü, dediklərini rahat qəbul etməyi. Humanitar və başqa krizlərlə rahat baş etməyi. Ümumilikdə, universiteti bitirdikdən sonra nə ilə məşğul olmaq istəyirsən sualıma gənclərin çoxu çiyinlərini çəkərək cavab verirlər. Rahat ol, həyat səni seçir, sən həyatı yox.

Berlindən evə nə gətirmək mütləqdir?

Bazardan alınmış bir neçə köhnə əşya, bir neçə avroya satılan əntiq kitablar və buna bənzər şeylər. Ümumilikdə is Berlin öz cavanlar səhnəsilə tələbat bazarına zidd çıxır, ona görə də alış-verişə deyil, təəssüratlara pul xərcləyin.

Oxşar paylaşımlar

Top