#SUMMER
12.03.18

Like a local: Kopenhagen

İnsanlar, Məkanlar, İlham
Like a local: Kopenhagen

Cəvahir Əhmədova Kopenhagendə yaşayır və öz İnstagram-bloqunda Danimarkanın paytaxtındakı həyat haqqında o qədər rəngli danışır ki, istər-istəməz ona aşiq olmağa başlayırsan. Baku Afisha redaksiyası Cəvahirdən nələrə baxmaq, harada yemək və "Şimali Venesiyaya" ən yaxşı nə zaman getmək haqqında öyrəndi:

Özün haqqında danış: Kopenhagenə, haradan, nə vaxt və niyə köçdün?

Mən Copenhagen Business School-da birinci kurs magistr tələbəsiyəm. İlk dəfə Kopenhagenə mən 2015-ci ildə, yarım illik oxumağa gəldim. O zamanlar mən Avstraliya, Sidneydə bakalavrda oxuyurdum və universitetim bütün dünya universitetlərinə təqaüd və proqramlar təklif edirdi. Mən Danimarkanı seçdim, çünki Avropa həyatı ilə daha yaxından tanış olmaq istəyirdim, Kopenhagen Biznes Məktəbi isə Avropada ən yaxşılarındandır.

Bundan başqa mənim Danimarkanın yaşamaq  üçün olduqca rahat bir ölkə olduğundan, demək olar ki, hər kəsin ingiliscə bildiyindən xəbərim var idi, yəni dil sərhədlərindən uzaqlaşmaq olardı. Kopenhagen və Danimarkalılara heyran qaldım, öz nişanlımla da mən buraya ilk gəlişimdə tanış oldum. Bakalavrı bitirdikdən sonra mən Danimarkaya təhsilimi davam etdirməyə gəldim.

Şəhər haqqında ilk təəssüratlarınız necə oldu?

Şəhət haqqında ilk təəssüratlarım möhtəşəm oldu mən yayda buraya köçdüm, şəhər günəş işıqları və günəşli gündən həzz alan xoşbəxt Danimarkalılarla dolu idi. Burada yay o qədər də isti deyil mənim ilk yayımda maksimum 25 dərəcə istilik var idi. Şəhər velosipedlərlə doludur: burada bu əsas nəqliyyat vasitəsidir.

Buna alışmaq lazımdır, çünki şəhərdə velosipedlə gəzmək o qədər də asan deyil, ancaq mən indi təsəvvür belə etmirəm ki, velosipedsiz şəhərdə necə hərəkət etmək olar. Danimarkalılar yayı çox sevir, çünki burada isti hava nadir bir haldır. Ona görə də yayda hamı parklarda, kanallardakı kafelərdə zaman keçirərək, günəşdən, istidən, uzun günlərdən həzz alır. 

Şəhər gözlədiklərinizə cavab verdimi?

Mən şəhərdən nələri gözlədiyimi bilmirdim, ancaq gözlədiklərimdən də artığını gördüm. Kopenhagen möhtəşəm bir şəhərdir, turistlər və burada yaşayan insanlar onu fərqli görürlər. Kopenhagenin ən xoşa gələn şeyi odur ki, burada demək olar hər yerdə piyada gəzmək olar, nəqliyyat vasitələrinə çox ehtiyac qalmır. Şəhər yetərincə sakit və təmizdir. İnsanlar mehribandılar, əgər yolunuzu itirmisinizsə, onlar hər zaman sizə yolu göstərməyə hazırdırlar. Burada səs-küylü dostların toplanıb, pizza yedikləri, pivə içdikləri bir çox kafe, restoran və parklar var. 

Kopenhagendən nə gözləməyə dəyməz?

Yaxşı hava! Hətta yayda belə yağışa və küləyə hazır olun. Kafe və mağazalarda xidmət o qədər də ürəkaçan deyil, güləruz və çalışqan ofisiantlar gözləməyin, burada hər kəs öz işini yerinə yetirir və həddindən artıq mehriban və gülərüz olmağa çalışmırlar.

Kopenhagendə az büdcəli yaşamaq və şəhəri içərdən tanımaq istəyənlərə nə məsləhət görürsən?

Düşünürəm ki, başqa bütün şəhərlərdə olduğu kimi Airbnb ilə qalmaq daha sərfəlidir. Airbnb müxtəlif şəhərlərdən olan ev sakinlərinin boş otaqlarını və ya səyahət etdikləri zaman evlərini yerləşdirdikləri bir platformadır. Bu şəhər həyatına yerlilərin gözü ilə baxmaq üçün əla fürsətdir. Mən Airbnb-dən tez-tez istifadə edirəm, Danimarkaya ilk dəfə gələndə çox gözəl bir cütlüklə eyni mənzildə qalmışdım.

Şəhər mərkəzindəki kafe və restoranlardan uzaq olmağa çalışın, oralar turistlərlə doludur və çox bahadır. Bir neçə muzey, qala və parklar ödənişsizdir, yəni heç qəpik də xərcləmədən bir çox yeri gəzə bilərsiniz.

İyul-Avqust Kopenhageni görmək üçün ən yaxşı zamandır

Şəhəri yaxından tanımaq üçün nə qədər vaxt lazımdır?

Düşünürəm ki, əsas yerləri görmək üçün 3-4 gün bəs edir, çünki şəhər o qədər də böyük deyil ki, burada uzun müddət qalasınız.

İlin hansı vaxtı getmək daha yaxşıdır?

İyul-Avqust Kopenhageni görmək üçün ən yaxşı zamandır. Əgər hava ilə bəxtiniz gətirsə, buraya yazda da gəlmək olar, hər yer çiçək içində, parklar yaşıllıqla dolu olur.

Harada yemək, harada qalmaq və hansı nəqliyyat vasitəsilə hərəkət etmək lazımdır?

Yemək:

  • Branç: PaludanKalasetFeel GoodAmmansMøller Kaffe & Køkken, Mad og Kaffe - Danimarkalılar brançı çox sevirlər, bu kafelərdə isə ənənəvi branç verirlər: yoqurt, omlet, smuzi, sendviç və qəhvə ilə.
  • Şam yeməyi: 20 A, Grisen, Grillen, Mother, Cock’s and Cow’s, Madklubben (Bistro Deluxe), La Neta (tacos) 
  • Kokteyllər: Bar Next Door, Lidkoeb, The Bird and the Churchkey (gin and tonic) 
  • Pivə: Nørrebro Bryghus, Warpigs Brewpub, Mikkeller Breweries
  • Strit-fud: Durum, kebabs, falafels – на улице Nørrebrogade
  • Desertlər:  Conditori La Glace, Meyer’s Bageri

Yaşayış: Bacardığınız qədər mərkəzə yaxın yerdə qalmağa çalışın, demək olar ki, bütün rayonlar təhlükəsizdir və metrodan rahatlıqla istifadə edə bilərsiniz.

Nəqliyyat: Kopenhagendə ən yaxşı hərəkət vasitəsi velosipeddir. Ancaq piyada və ya gəzməyi çox sevmirsinizsə, metro ilə də rahat gedə bilərsiniz. Burada metro çox təmiz və sadədir: cəmi iki budaq var, yəni heç cür yolunuzu itirməyəcəksiniz.

Nələrə baxmaq: Kopenhagendə maraqlı yerlər çoxdur: muzeylər, qalalar, qalereyalar, parklar.

Qalalar:

  • Christiansborg Palace – Kristiansborq Sarayı Danimarka parlamenti və Kral görüşlərinin evi hesab edilir. Qalaya və kilsəyə giriş pulsuzdur, ancaq qəsrin özünü gəzmək üçün ödəniş etmək lazımdır.
  • Amalienborg Palace – Danimarka kraliçasının iqamətgahı. Hər gün krallıq keşikçiləri şərəf gözətləməsini dəyişirlər və siz gəlib, mərasimi öz gözlərinizlə görə bilərsiniz.
  • Frederiksberg Palace – sarayda demək olar ki, hər şey Frederik VI zamanından toxunulmaz olaraq qalıb.
  • Rosenberg Palace – qala çox gözəl Krallıq parkında yerləşir.

Şəhər:

  • Nyhavn – katerlə keçə biləcəyiniz kanalın ətrafında yerləşən rəngarəng tarixi binaların olduğu şəhər mərkəzinin bir hissəsidir.
  • Su pərisi heykəli
  • "Tivoli" Parkı
  • Danimarka milli muzeyi
  • Müasir İncəsənət Muzeyi – Lousiana Museum
  • Xristianiya – öz sakinlərinin həyat tərzi ilə məşhur olan bir rayondur. O 1971-ci ildə hippi qrupları tərəfində yaradılmışdı, onlar bu ərazidə tərk edilmiş bir neçə kazarmanı işğal etdilər və Danimarka hökumətindən tamamilə müstəqil olaraq öz cəmiyyət qaydalarını yaratdılar.
  • Strøget Küçəsi– alış-veriş sevənlərin cənnəti
  • Mərmər kilsə – Marble Church / Frederik’s Church çox gözəl bir kilsə
  • The Lakes – şəhərin göl ətrafında yerləşən bir hissəsi
  • Botanik Bağ
  • Qala – Round Tower
  • The Church of our Savior – mütləq qalaya qalxın, şəhər çox gözəl bir mənzərə açılacaq

Uşaqlar üçün:

  • Experementarium – elmlər muzeyi
  • Kopenhagen Zooparkı
  • Kopenhagen Akvanarium

Cəvahirdən Kopenhagen üçün üç layfhak:

Kulturnat (Culture night) və ya Mədəniyyət Gecəsi – bu hər il oktyabrda keçirilən bir tədbirdir. Bu bir gündə yüzlərlə muzeylər, kilsələr, sərgi zalları, rəsm qalereyaları, humanitar təşkilatlar, siyasi və mədəni birliklər gizli otaqlara, zirzəmilər, qala və mədəni tədbirlərə qapılarını açırlar. Biletləri siz istənilən 7- Eleven mağazalarından ala bilərsiniz. Əgər oktyabrda səyahət edirsinizsə, bunu qaçırmayın.

Google Maps – şəhərdə hərəkət üçün istifadə edin. O sizə ən yaxşı marşrutu göstərəcək: piyada, nəqliyyat vasitəsində, velosipeddə. Siz həmçinin oflayn-xəritə də yükləyə bilərsiniz.

Botanik Bağın içimdə palmalar, tropik bitkilərin olduğu şüşəli istixana var, düz keçməyin. Giriş pulsuzdur.

Kopenhagendə gəzinti üçün öz ideal marşrutunu paylaş:

Mənim üçün ideal bir marşrut yoxdur. Kopenhagendə hər şey havadan və başlanğıc ünvanından asılıdır. Xəritədə mən 1-2 günə gəzə biləcəyiniz və getməyə dəyər yerləri işarələmişəm: https://goo.gl/maps/oxMob6iAJo62

Sevdiyin üç qəhvə məkanı:

  • Paludan
  • Original Coffee ( Dosseringen)
  • Mormors café
  • Bonus: Zaggi’s coffee – bu kafedə hər şey 15 krondur

Şəhərdə nəyi mütləq dadmaq lazımdır?

Mütləq açıq sendviç Smørrebrød-un dadına baxın: bu müxtəlif içlikli, inqrediyentlərin birləşməsi ilə sizi təəccübləndirəcək ən məşhur yeməklərdən biridir. Onları Torvehallerne, Amman’s Under Uret-də dadmağı tövsiyə edirəm.

Kopenhagenin köhnə limanı Nyuhavnı ( Nyhavn) və gölləri ( The Lakes, Queen Louise Bridge) görməyə dəyər. Və bircə dəfə də olsun şəhərdə velosipedlə gəzmək lazımdır.

Ən çox sevdiyin bir Danimarka yeməyi varmı? Onun dadına harada baxmaq olar?

Ən çox Danimarka brançını sevirəm, ən dadlısını isə Paluda café və Feel Good Cafe-də yemək olar.

Danimarkalılardan nə öyrənmisən?

Danimarkalılar mənə narahat olmamağı və həyatdan həzz almağı öyrətdilər. Onlar xırda şeylərlə xoşbəxt olmağı bacarırlar: dostlarla və ailə ilə keçirilən zamana dəyər verirlər. Burda yaşadıqdan sonra mən daha kommunikativ olmağa başladım, ancaq bir çox başqa ölkələrin vətəndaşları Danimarkalıları soyuq və antisosial hesab edirlər. 

Əslində onlar çox söhbətcildirlər və dostların əhatəsində olmağı sevirlər.  "Hygge" danimarkalıların həyat tərzinin böyük bir hissəsidir.  Hygge haqqında saysız-hesabsız kitablar və məqalələr var, hygge – sizin sevdiyiniz insanların əhatəsində hiss etdiyiniz rahatlıq və komfortdur.

Danimarkalılar çox sərbəstdirlər, onların çoxu 20-21 yaşında valideynlərindən ayrılıb tək yaşamağa başlayırlar. Düşünürəm ki, məhz buna görə onlar öz mənzillərinin qayğısına qalır və öz büdcələrini idarə edirlər. Baxmayaraq ki, mən 17 yaşımda xaricə köçdüm və tək yaşamağı öyrəndim, hiss edirəm ki, bütün gənc danimarkalıların qadir olduğu kulinariya bacarıqlarına yiyələnməyimə hələ çox var.

Kopenhagendən evə nə gətirmək lazımdır?

Biyan – Danimarkalıların ən sevdiyi konfet, hansını ki, mən heç xoşlamıram. Onlar bu konfetsiz yaşaya bilmirlər, dadına baxın, əgər bəyənsəniz yola bir qutu özünüzlə götürün.

LEGO – müqəddəslərin müqəddəsi, xüsusilə də əgər uşağınız varsa. LEGO – konstruktorları bütün dünya tərəfindən sevilən Danimarka kompaniyasıdır.

Pandora charms – bəs siz bilirdiniz ki.  Pandora – Danimarkanın zərgərlik kompaniyasıdır? Adətən, Kopenhagendən su pərisi və ya velosiped şarmları alırlar.

Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

2-3-4 fevral üçün 8 məşğuliyyət

2-3-4 fevral üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top