#WINTER
29.01.19

Like a local: Rotterdam

İnsanlar, Məkanlar, İlham
Like a local: Rotterdam

Tarixi XIII əsrdən başlayan Rotterdam Niderlandın ikinci böyük şəhəri və Avropanın ən böyük limanıdır. Şəhərdə yaşayan azərbaycanlı Şamil Mustafayev Baku Afishaya Rotterdamdan nələr gözləmək və nələrə ümid bağlamamaq haqda danışdı:

Özünüz haqda danışın. Haradan, niyə və nə vaxt Rotterdama köçdünüz?

Adım Şamil, Gəncə şəhərində anadan olmuşam. Əsgərliyi bitirdikdən sonra 2015-ci ildə Niderland Krallığının Eyndhoven şəhərinə, Eyndhoven Texnologiya Universitetində magistratura pilləsi üzrə təhsil almaq üçün köçmüşəm. Təhsilimi bitirdikdən sonra Capgemini şirkətinə işə düzəlmişəm və bir müddət Utrext şəhərində yaşamışam. Capgemini şirkətində IT konsultant kimi çalışdığım üçün 2018-ci ilin İyul ayında Nationale-Nederlanden sığorta və pensiya şirkətində layihəyə təyinat almışam və son 2 aydır ki, işimlə əlaqədar olaraq Rotterdama köçmüşəm.

Rotterdamda nə ilə məşğul olursan?

Ofislərindən biri Rotterdamda yerləşən Nationale-Nederlanden şirkətində TIBCO mühəndisi kimi fəaliyyət göstərirəm. İşimiz müştərilərin pensiya pullarını digər pensiya şirkətinə köçürən və boşanmalar zamanı iki şəxsin ortaq pensiya məbləğlərini bölən avtomatlaşdırılmış TIBCO proqramının istər texniki, istərsə də qeyri-texniki təminatından ibarətdir.

Köçdükdən sonra ilk təəssüratlar necə oldu?

Rotterdama köçdükdən sonra ilkin təəssüratlarım çox müsbət oldu. Nəzərə alsaq ki, həm 2 il Eyndhovendə, həm də yarım il Utrextdə yaşamışam, Rotterdamla digər iki şəhəri müqayisə etmək heç də çətin olmadı. Əhali sayına görə Amsterdam ən böyük şəhər olsa da, Rotterdam ərazisinə görə ən böyük şəhərdir. Düşünürəm gənclər üçün də belə böyük şəhərlər çox uyğundur. Həm iş imkanları, həm əyləncə məkanları, həm restoranlar çoxdur, həm də daha dinamik şəhərdir. Şəhər nə səhər, nə gecə yatmır. Günün istənilən vaxtında maraqlı nələrsə tapmaq olar burada. Həmçinin Rotterdam yeganə şəhərdir ki, burada müasir binalar çoxluq təşkil edir və bir növ mənim ruhuma rahatlıq verir. Tarixi yerləri sevsəm də, orada yaşamaq mənə çətin olardı deyə düşünürəm.

Ölkə/şəhər gözlədiklərinizi qarşıladımı?

Həm ölkə, həm də şəhər bir çox gözləntilərimi qarşıladı. İlk öncə ölkədən başlayaq. Niderlandda hər şey sistemlidir. İctimai nəqliyyat, şəhərlərin təmizliyi, iş imkanları, təhsil səviyyəsi, insanlar. Ağlınıza nə gəlirsə, həqiqətən çox səliqəli, sistemli və gözəldir. Təbii ki, mənfi tərəfləri də var. Məsələn havası və yeməkləri heç də ürəkaçan deyil. Havası çox dəyişkən, yerli təamları isə demək olar ki, yox səviyyəsindədir. Barmaqla sayıla biləcək yerli yemək növləri var. Ölkənin bütün universitetləri dünyanın 200 ən nüfuzlu universitetlər siyahısına daxildirlər. İnsanlar çox mehriban, gülərüz və əhalinin ən azı 95%-i səlis ingilis dilində danışıq qabiliyyətinə malikdir. Ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir və bura işləmək üçün gələn insanların da sayı artır. Kənardan bizim kimi gələn gənc peşəkarların və ya tələbələrin çoxluğu isə ölkədə digər problemi – ev problemini üzə çıxarıb. Kirayə haqqları çox baha, satın almaq üçün isə qiymətlər çox yüksəkdir.

Niyə Niderland, Rotterdam?

Açığı buranı sırf universitetinə görə seçmişdim. Eyndhoven Texnologiya Universitetində məndən öncə təhsil alan bir neçə tanıdığım şəxslər var idi və onlar mənə sırf Biznes İnformasiya Texnologiyaları üzrə təhsilin bu universitetdə güclü olduğunu bildirmişdilər. Elə buna görə də, 2014-cü ildə sənədlərimi göndərdim və universitetə qəbul olundum. Ancaq qəbul şərtlərində qəbulun ən azı 1 il qüvvədə qaldığını bildikdən sonra, əsgərliyə getmək planlarımı həyata keçirdim. Əsgərliyi bitirdikdən sonra isə təqaüd üçün Dövlət Proqramına sənədlərimi göndərdim. Müsahibə turundan da uğurlar keçdikdən sonra, təhsil almaq üçün çox böyük maddi dəstəyə sahib oldum. Niderlandda həm universitet haqqları, həm də yaşayış xərcləri çox yüksəkdir. Güman ki, Dövlət Proqramının müsahibəsindən keçməsəydim, bu ölkəyə də gələ bilməzdim. Rotterdama gəldikdə isə, açığı bu şəhərdə nə vaxtsa yaşayacağımı düşünməzdim. Ancaq tale elə gətirdi ki, işimlə bağlı buraya köçməli oldum və həqiqətən bu ölkədə mənə ən uyğun şəhəri tapdığımı deyə bilərəm.

Niderlanddan nəyi gözləmək lazım deyil ki, məyus olmayasan?

Niderlanda gələnlərin əksəriyyəti burada fərqli tarixi binaların və üslubların şahidi olacaqlarını düşünürlər. Təəssüflər olsun ki, Amsterdamdan kənarda tarix demək olar ki, yoxdur. Amsterdamda isə sırf arxitektura üslubu maraqlıdır və bütün şəhər eyni üslubda tikilib. Təbii ki, bunları da görmək üçün maksimum 1 gün vaxtınız gedər. Amsterdam əsasən muzeylərinə görə tanınır. İstər incəsənət, istərsə də tarixə aid yetəri sayda muzey var. Məsələn Van Qoq, Rembrand, Anne Frank, Rayks və digər muzeylər turistlərin əsas ziyarətgahına çevrilib. Ancaq, təəssüflər olsun ki, bir neçə həftə öncə Niderlandın ən məhşur “I Amsterdam” işarəsi sökülüb. Səbəb olaraq isə Amsterdamda yaşayan yerli əhalinin turistlərlə bağlı narazılıqlarını bildirdilər. Həmçinin ölkənin dağları yoxdur. Ən hündür nöqtəsi isə cəmi 322.4 metrdir. Bir də öncə bildirdiyim kimi, yerli təamları yox səviyyəsindədir. Əsasən dadlı kartof qızartmasından, bir də fərqli sosis növlərindən zövq ala bilərsiz. Havaya gəldikdə isə məncə bura gələn hər kəs bilir ki, ölkədə əsasən çiskin və dəyişkən hava hökm sürür. Hətta yayda belə bol yağışlı günlər çox olur.   

Rotterdamı yaxından tanımaq üçün nə qədər vaxt lazımdır?

Düşünürəm Rotterdamı yaxından tanımaq üçün ən azı 6 ay lazımdır. Böyük şəhərdir və təklif edə biləcəyi məkanları çoxlu saydadır. Onların da hər birini ziyarət etmək üçün müəyyən vaxt lazımdır. Təbii ki, bu da baxır sizin nə işlə məşğul olmağınıza. Əgər tələbəsizsə, 6 ay burada yaşayıb tanımaq bəs edər. Ancaq əgər gündəlik işdə olursuzsa, zənnimcə ən azı 1 il vaxt lazımdır.

İlin hansı vaxtı getmək daha yaxşı olar?

Aprel və May ayları Niderlanda gəlmək üçün ən ideal vaxtdır. Bu aylarda həm ölkə üzrə bayramların sayı çoxdur (məsələn Kral günü), həm məhşur Holland tülpanlarını görmək üçün imkan olacaq, həm də bu ölkənin Venesiyası sayılan Giethoorn kəndində maraqlı vaxt keçirmək olar.

Harada yemək, harada qalmaq, nələrə baxmaq və hansı nəqliyyat vasitəsilə hərəkət etmək lazımdır?

Burada ən sevdiyim restoran “Happy Italy”dir. İtalyan yeməkləri təqdim edən bu restoran, həqiqətən çox ucuzdur! Həmçinin, həftənin 2-ci və 6-cı günləri şəhərin mərkəzində açıq bazar var. Orada çox dadlı balıq bişirib satırlar. Sonda isə istənilən türk restoranlarını məsləhət görərdim. Düzdür, mərkəzdə yerləşən restoranlar çox bahadır, ancaq mərkəzdən kənarda olan türk restoranlarında qiymətlər münasib və yeməklər də dadlı olur. Yenə də baxır sizin ağız dadınıza. Hər növdə və hər mətbəxə aid restoranlar var.

Qalmağa gəldikdə isə, bu böyük problemdir. Burada təhsil alanlar və işləyənlər belə ev tapmaqda çətinlik çəkirlər. Ona görə standart Airbnb, Hostel və Couchsurfing variantlarına baxmaq lazımdır. Hansı daha ucuzdursa, onu seçmək olar.

Baxmağa gəldikdə isə, öncə bildirdiyim kimi muzeyləri çox maraqlıdır, ancaq bir o qədər də bahadır. Əgər incəsənətə və tarixə marağınız varsa, baxmalı olan yerlərdən biri muzeylərdir. Bir də holland “DJ”ləri dünya üzrə çox məhşurdurlar və bir çox aylarda festivallarda iştirak edirlər. Bura gələrkən mütləq festival tarixlərinə baxmaq və ən azı birində iştirak etməyə çalışmaq lazımdır. Apreldə keçirilən Kral günündə iştirak, Aprel və May aylarında açıq olan Keukenhof tülpanlar bağını və Lisse tülpan tarlalarını, bir də Giethoorn kəndini ziyarət etmək də çox gözəl olardı. Rotterdamda isə əsasən fərqli üslubda tikilmiş biznes binalarını, Erasmus körpüsünü, Zooparkı və kub formasında olan binanı ziyarət etməyi məsləhət görərdim.

Nəqliyyata qəldikdə isə şəhərlər arası qatarla, şəhər daxili isə istər tramvay, istər avtobus, istərsə də metro ilə səyahət etmək eyni xərcə başa gəlir. Buna görə də vaxt baxımından ən qısa olan nəqliyyat növünü seçmək lazımdır. Uzun müddətlik qaldıqda isə günlük, 3-günlük və ya həftəlik biletlər almaq məsləhətdir. Gecə saatlarında isə Uberdən istifadə etmək olar, çünki taksi qiymətləri çox bahadır.

Rotterdam üzrə üç layfhak?

Birincisi, ət və tərəvəz məhsullarını türk mağazalarından və xırdavat mallarını Action mağazasından ala bilə, nahar və ya şam yeməklərinizi isə “Happy Italy”də yeyə bilərsiz. İkincisi, ən azı 3 gündən artıq qalmağı planlaşdıranlar üçün OV nəqliyyat kartından almaq, şəhərlər arası qatarlarda endirimə sahib olmaq üçün isə ya actievandedag.nl saytından endirimli günlük qatar biletləri və ya hər hansı yerli vətəndaşa yaxınlaşıb onunla birlikdə səyahət etmək istədiyinizi bildirdikdən və razılıq əldə etdikdən sonra, OV kartınıza 40%-lik endirim yükləyə bilərsiz. Səyahəti planlaşdırmaq üçün isə ns.nl və ya 9292.nl saytlarından istifadə etmək məsləhətdir. Üçüncüsü isə istər tələbə, istərsə də gənc peşəkar olaraq uzun müddətli yaşadıqda, 23 yaşından yuxarı olduqda və gəliri olmadıqda, kirayələdiyiniz 1 otaqlı mənzil və sığorta xərcləriniz üçün dövlətdən subsidiya ala bilərsiz.

Rotterdama ilk dəfə gələnlər üçün ideal marşrutu bizimlə paylaş

Ən ideal marşrutlardan biri Amsterdama və ya Eyndhovenə təyyarə ilə gəlib, qatarla Rotterdama səyahət etməkdir. Məsələn, WizzAir ilə Bakı-Budapeşt-Eyndhoven, Belavia ilə Bakı-Minsk-Amsterdam, Beynəlxalq Ukrayna Hava Yolları Bakı-Kiyev-Amsterdam, Türk Hava Yolları ilə ya Bakı-İstanbul-Amsterdam,  və ya Gürcüstan Hava Yolları ilə Tiflis-İstanbul-Amsterdam uçuşlarından istifadə edə bilərsiz. Rotterdamın öz aeroportu olsa da, bura enən uçuşlar çox bahalı olduğu üçün məsləhət görmürəm. Yuxarıda sadaladığım uçuşların qiymətləri isə alınan aydan, gələcəyiniz şəhərdən və gətirəcəyiniz yükdən asılı olaraq dəyişə bilər. Buna görə də ən ideal marşrutu məsləhət görmək çox çətindir. Şəxsən mən Gəncəyə getdiyim üçün hər zaman Tiflis uçuşlarından istifadə edirəm. Ancaq bəzi hallarda WizzAir ilə Eyndhovendən də uçmuşam.

Mütləq gedilməli olan 3 sevdiyin məkan?

Sırf Rotterdama gəldikdə, təəssüflər olsun ki, 1941-1945-ci illərdə 2-ci dünya müharibəsi zamanı şəhər bombardman edilib. Buna görə də tarixi binalar yox dərəcəsindədir. Rotterdamda gedilməli olan 3 ən sevdiyim məkan Blaak, Erasmus körpüsü və Zooparkdır. Niderlanda gəldikdə isə Amsterdam, Giethoorn, Lisse şəhərləri və Muiderslot qalasını tövsiyyə edərdim.

Nəyi mütləq yoxlamaq lazımdır: yemək, yerlilər üçün əyləncə?

Yerli kartof qızartmasını, siroplu vafliləri və herrinq balıqlarını mütləq yoxlamaq lazımdır. Əyləncəyə gəldikdə isə ASOT və Pinkpop musiqi festivallarının birində, Fevral ayında Şimali Brabant ərazisində keçirilən karnavalda, bir də 27 Aprel tarixində keçirilən Kral günündə iştirak etmək əla olardı.

Ən çox sevdiyin holland yeməyi hansıdır?

Yəgin ki, kartof qızartması olar.

Niderlandlar sizə nə öyrətdi?

Niderlandlar mənə daha gülərüz, dürüst, açıqsözlü və sözü birbaşa deməyi öyrətdilər. Həmçinin ara-sıra holland dili öyrənməyimdə də yardımçı olurlar. 

Niderlanddan evə nə gətirmək lazımdır?

Siroplu vafli (stroopwafel), holland pendiri, həyətdə yetişdirmək üçün tülpan qozları, soyuducu üçün yerli maqnit və bir də Delft Blauw çini qabları.

Back To The 80s: 8 atmosferli film

Back To The 80s: 8 atmosferli film

Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

Növbəti paylaşım
Top