30.04.19

Like a local: Laləmaniya

İnsanlar, Məkanlar, İlham
Like a local: Laləmaniya

Söz veririk ki, Çinarə Əliyevanın bu mini-bələdçisini oxuduqdan sonra siz bu lalə çılğınlığını görmək üçün ən yaxın zamanda bilet alıb Amsterdama getmək istəyəcəksiniz.

  • Hollandiya tarlalarında hansı çiçəkləri görmək olar?

Martın əvvəlindən Hollandiya tarlalarında safranlar, daha sonra nərgizlər və sünbüllər çiçəkləyir. Apreldə artıq lalələrin çiçəkləməsini görmək olar. 

  • Tarlalar hansı bölgədə yerləşir? 

Tarlalar bir çox şəhərin ətrafında yerləşirlər. Məsələn, Lisse, Sassenheim, Noordwijkerhout, Noordwijk. Mən bu şəhərlərə getmişəm və həryerdə lalələri görmüşəm. Doğrusu, tarlaların hamısına getmək olmur. Çoxu su kanalları ilə əhatə olunub. Həmçinin, bəzi tarlalara giriş ödənişlidir. Biz girişi 5€ olan bir ödənişli tarlaya getmişdik.

  • Nə vaxt getmək daha yaxşı olar? Harada qalmalı və nə ilə hərəkət etməli?

Ən yaxşısı aprelin ortasında getməkdir. Bu lalə tarlalarını görmək üçün ən gözəl zamandır. Gecə qalacağınız yeri öncədən bron etməyi məsləhət görürəm. Airbnb-də çox yaxşı yerlər tapmaq olar, biz Oegstgeest rayonunu seçdik. Çox rahat və yaxşı yerdir. Biz De Kempenaerstraat 91, Oegstgeest, Zuid-Holland 2341 GK, Netherlands ünvanında, Marijke Pleket-də qaldıq. Onların çox rahat evləri var. Ancaq, məncə orada həryerdə rahat evlər var. Yanında gözəl park, avtobus dayanacağı (əgər lazım olsa), kafelər, daha sonra haqqında danışacağım Albert Heijn marketi və “SlimFietsen” velosiped kirayəsi var. 

  • Tarlalara ən yaxşı necə getmək və baxmaq olar?

Tarlalara getmək üçün şəhərdə dayanıb, daha sonra Niderland şəhərlərini gəzmək üçün velosiped kiralamaq ideal olar. Bu ən rahat variantdır, çünki bir çox tarlalara maşınla getmək olmur, parkinq üçün çox vaxt sərf etməli olacaqsınız, velosipedi isə istənilən yerə qoymaq olar. Velosipedçilər üçün Hollandiyada ideal şərtlər var. Ancaq velosipedi də öncədən ayırmağı tövsiyə edirəm ki, sonra axtarmağa çox vaxtınız getməsin. Amsterdamdan səyahət üçün seçdiyiniz şəhər qədər isə, bizim Leidenə getdymiz kimi qatarla, daha sonra Oegstgeestə qədər piyada 20 dəqiqə getmək olar. Biz avtobus bileti axtarmaqla özümüzü yormaq istəmədik və gözəl küçələrlə piyada gəzdik. Bu rayonlarda velosipeddən başqa bizə heç bir nəqliyyat vasitəsi lazım olmadı. Oegstgeestdən velosiped səyahətimiz başladı. Sassenheim, Noordwijk, Noordwijkerhoutdan Lisseyə qədər yol üzərində tarlalar var. Ancaq ən yadda qalan tarlanı biz təsadüfən gördük. Bu sahə xəritədə oxla göstərilir. Bu getdiyimiz sonuncu tarla oldu. Orada demək olar ki, hər rəngdə lalələr var idi. İnanılmaz bir gözəllikdir.

  • Lalə tarlalarını gəzdikdən sonra yəqin ki, iştah açılır. Səyahət zamanı olduğun ən dadlı 3 məkan haqqında danış.

Düzü, səyahət zamanı biz kafe  restoranlara çox getmirik, oturub, vaxt itirmək istəmirik. Biz Oegstgeest üçün iki gün ayırdıq və səhər yeməyi üçün getdiyimiz yeganə məkan heyvanlar və quşların olduğu gözəl bir parkda yerləşən Theehuis’de Leidsehout’ oldu. Təbiətdən və yeməkdən həzz almaq olar. Orada ləzzətli Holland pankeylərlərini daddıq. Qalan yeməkləri Albert Heijn marketdən aldıq. Burada salatlar, burgerlər və ürəyiniz istəyən hərşey var. Əsas odur ki, hamısı çox dadlıdır. Vaxt itirmədən biz naharımızı yolda etdik. Ancaq ordaykən almağı unutmamalı tək şey Holland pendiridir. Biz son anda xatırladıq və Amsterdam yaxınlığında əsas vağzaldan aldıq.

  • Hollandiya səyahəti təşkil etmək üçün 5 məsləhət.

1. Mütləq xəritədə marşrutu planlaşdırın. Mən əsasən maps.me-dən istifadə edirəm.  Çünki xəritəni yükləyib, internetsiz də ondan istifadə etmək olar. Yolda vaxt itirməmək üçün mən hərşeyi əvvəlcədən işarələyirəm.

2. Bu http://www.bloemenradar.nl sayt sizə çiçək tarlalarını asanlıqla tapmaqda kömək edəcək. Ancaq tarlalarda çiçəklərlə diqqətli davranın. Bu kiminsə işidir. Hər il sahələrdə çiçəklər dəyişə bilər. Eyni sahədə gələn il lalələr yox, sünbüllər ola bilər.

3. Velosipedçilər üçün yol hərəkəti qaydalarını mütləq öyrənin. Orada bu barədə çox ciddidir. Öz təcrübəmdən deyim ki, insanlar əsəbləşə bilər və öz istirahətinizi korlamayın. Mən dönüşdə velosipedçiyə yol vermədim və çox xoşagəlməz vəziyyət yarandı. Ancaq qeyd edim ki, hollandlar çox mehriban və xeyirxah xalqdırlar, sadəcə qaydalara əməl etmək lazımdır.

4. Havaya baxmağı və yol üçün üstünüzə bir şey götürməyi unutmayın. Axşam velosipedlə qayıdarkən, hava sərin ola bilər, hətta günorta çox isti olsa belə. 

5. Telefonun batareyasını doldurun və yaddaşı təmizləyin. Bunları çox vaxt unuduram, ona görə bunu da qeyd etmək istədim. Həmçinin hər ehtimala qarşı özünüzlə ilk yardım çantası da götürün. Yaxşı əhval-ruhiyyəni də unutmayın!


DİGİTAL GARAGE: İnkubator Applab

DİGİTAL GARAGE: İnkubator Applab

Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Növbəti paylaşım
Top