01.05.19

Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Ast&Musiqi, İlham
Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Bəziləriniz buna absurd deyə bilər, lakin bu artıq danılmaz bir faktdır. Bir çoxları bunu artıq sübut edib. Lakin, gəlin, lap əvvəlcədən başlayaq:

Evinizə girdikdə, paltarınızı dəyişdikdə bir an ürəyiniz sıxılır... Amma, fərqinə varmadan işlərinizə davam edirsiniz.  Bu cür hallar ara-sıra təkrarlanır, lakin yenə də məhəl qoymursunuz. Tanış gəlir? Sizcə, bunun səbəbi nə ola bilər?

Sizə bir sirr açaq - evimizdə bizi əhatə edən bütün əşyalar energetic olaraq bizə təsir edir.  Bunu  dünyada bu mövzu ilə bağı kitab yazıb, məşhurlaşan yapon xanım Mari Kondo iddia edir.  Onun fikrinə görə, evimizdə olan bütün əşyalar bizi sevindirməlidir, neqativ təsir etməməlidir. O, bu istiqamətdə xüsusi metodologiya yaratmışdır. Gəlin,  bu metodla tanış olaq və qarderobumuzu və bəlkə də həyatımızı  ona əsasən səliqəyə salaq:

Qayda 1. Geyimləri kateqoriya üzrə yerləşdirmək – ilk öncə, geyinmədiyiniz (“xüsusi tədbir olanda geyinərəm”, “arıqlayanda geyinərəm” və s. bəhanələr adı ilə alınmış geyimlər) və geyinən zaman sizə sevinc gətirməyən, zövq verməyən geyim və əşyaları qarderobdan çıxarırsınız. Daha sonra, yerdə qalanları kateqoriyalara bölərək, yerləşdirisiniz. Ətəklər bir sırada, şalvarlar ayrı, bluz və köynəklər digər sırada və s. düzülərək uyğunlaşdırılmalıdır.

Qayda 2.  Geyimləri sıraya düzmək – geyimləri kateqoriyalara böldükdən sonra, onları elə asıb və ya yığmalıyıq ki, axtarıb tapmaq asan olsun və götürdükdə qarışıqlıq yaranmasın.  Mari Kondo məsləhət görür ki, geyimlərinizə qayğı ilə yanaşasınız, yəni düyməsi qopmuş, sökülmüş və zədələnmiş sevimli geyimlərinizi bərpa edəsiniz və sevmədiyiniz əşyaları onların arasından qaldırasınız.

Qayda 3. Çantaları düzgün saxlamaq – Mari Kondo təkid edir ki, evə gəldikdən sonra istifadə etdiyiniz çantanın içini boşaldasınız. Beləliklə də, çanta “dincəlir”. Bundan əlavə, səhər işə və ya dərsə kecikən zaman, yeni çanta götürdükdə ora qoyulacaq bütün əşyalarınızı unutmadan götürə biləcəksiniz. Çantaları da kateqoriyalar üzrə yerləşdirin, yəni kiçik ölçülü olanlar bir arada, həcmli yumşaq olanlar bir arada, formasını saxlayanları isə içini doldurub saxlamaq gərəkdir.

Ümumiyyətlə, Mari Kondonun dediyinə görə, biz həddən artıq geyim və əşyalardan ona görə əl çəkə bilmirik ki, bizim bu əşyalarla sıx bağlantımız var, daha doğrusu, keçmişimiz və gələcəyimiz ilə bağlı qorxularımız bizə mane olur. Nəticə olaraq, belə bir fikrə gəlirik ki, evimizdə olan əşya və geyimlərimizi səliqələyə salsaq, həyatımızı da səliqəyə salmış oluruq. Bu üzdən, geyim və əşyalarınıza bir əl çəkin, sizə lazım olmayan, heç sevmədiyiniz və ya geyindikdə sizə sevinc gətirməyən əşyaları evinizdən çıxarın. Sizə söz veririk ki, yüngüllüyü dərhal hiss edəcəksiniz!

İndi deyəcəksiniz ki, yaxşı, evimizi və həyatımızı səliqəyə saldıq, bəs bizə sevinc gətirməyən, neqativ əşyalarla nə edək? Zibilliyə atası deyilik ki... Təbii ki, heç nəyi atmaq lazım deyil, özü də ki, “sustainable fashion” cərəyanının trenddə olduğu dövrdə. Bunun üçün bir neçə seçim var:

  • son aylar Azərbaycanda  (inkişaf etmiş ölkələrdə bu bir mədəniyyətdir artıq!) populyarlıq qazanan 2-ci əl mağazalarında sata bilərsiniz.  Beləliklə də, əşyalarınız yeni sahibinə çataraq həyata davam edəcək. Lüks markalı geyimlərinizi dünyada məşhur olan  Vestiaire ( https://us.vestiairecollective.com/ ),  The Real Real (https://www.therealreal.com/), Azərbaycanda isə tanınan Luxout (https://www.luxout.net/) kimi saytlarda sata bilərsiniz. Mass-market geyimlərinizi isə Garage Sale edib və ya müxtəlif Facebook qruplarında simvolik qiymətə sata bilərsiniz.
  • xeyriyyə cəmiyətlərinə hədiyyə edə bilərsiniz
  • cins geyimlərinizi isə recycle, yəni yenidən istehsal olunmuş mövzusunda çalışan yerli dizaynerimiz Renara Shamsiyevaya ötürə bilərsiniz, o da öz növbəsində onları yeni kolleksiyasında istifadə edəcək.

Hə, necədir?  Bəyəndiniz? Əgər mövzu maraqlı gəldisə, tövsiyyə edirik ki, yuxarıda qeyd olunanları həyata keçirib, nəticələri bizimlə paylaşasınız.

DƏBdə qalmaq diləyi ilə,

Sabina M. Atayeva

Like a local: Laləmaniya

Like a local: Laləmaniya

3-4-5 may üçün 10 məşğuliyyət

3-4-5 may üçün 10 məşğuliyyət

Növbəti paylaşım
Top