#WINTER
30.11.18

ÖZ İŞİM: WOWOMAN

İnsanlar, İlham, Qış
ÖZ İŞİM: WOWOMAN

WoWoman – Azərbaycandakı qadınların arzularını həyata keçirməyə kömək etməklə inkişaflarına həsr olunmuş bir platformadır. Bu il platforma Facebook versiyasına görə bütün dünyada top 100 icma sırasına daxil oldu. Biz icmanın yaradıcısı Zara Hüseynova ilə danışdıq və komfort zonasından necə çıxmaq və həyatının işini necə seçmək haqda öyrəndik:

Uşaqlıqda nə olmaq istəyirdiniz?

Qəribə olsa da, prezident. Ancaq artıq bu məni maraqlandırmır - siyasət mənlik deyil. Mən milyonlarla həyata toxunmağı daha çox istəyirəm. Məhz bunun üzərində də işləyirəm.

Sahibkarlıq yolunuza necə başladınız?

Valideynlərim ikisi də hüquqşünasdırlar. Onların hər gün işdə neqativlərlə qarşılaşdıqlarını görürdüm, axı insanlar adətən hüquqşünaslara problemlərlə gəlirlər. Mən isə daha çox pozitiv bir şeylərlə işləmək və maliyyə müstəqilliyimi qazanmaq istəyirdim. 17 yaşımda iqtisadi fakültədə oxumaq qərarına gəldim. Ailəmin məni hüquqşünas kimi görməsinə baxmayaraq, seçimimə qarşı çıxmadılar.

18 yaşımda 200$ büdcə ilə öz biznesimi qurdum. Biz ən kiçikdən başladıq - həmin vaxtlar Facebook təzə məşhurlaşmışdı və biz səhifədən onlayn satışa başladıq. 7 il sonra bu avantüra ALZA-ya - toy və gecə libasları butikinə çevrildi. Bizim ilk ofisimiz Traveler's Coffee oldu - gəlirdik, bir stəkan çay sifariş verib, bütün gün otururduq. İlk gündən mənim komandam var idi və biz pillələri birlikdə qalxırdıq.Necə, nə vaxt və niyə Wowoman icmasını qurmaq qərarına gəldiniz?

18 yaşında bir qız kimi öz biznesini qurmaq olduqca çətin idi. Mənə hər zaman hörmətlə yanaşsalar da, çox vaxt özümü sübut etmək ehtiyacı görürdüm.

Mən hər zaman daha çox qızın öz istədiklərini etmələrini, cəmiyyətin fikriylə hərəkət etməmələrini istəyirdim. Qızlar öz arzularının dalınca getsin və biliklərini, təcrübə və ilhamlarını paylaşacaqları bir yer olsun.

Sahibkarlıq məsuliyyət deməkdir və bəzən buna görə bir təklik hissi yaşayırsan, sən təkcə hamıya və hər şeyə cavabdehsən. Mən qızları ilhamlandırmaq və inkişaf etdirmək istəyirdim, qızların bu həyatda özlərini reallaşdırmaq deyil, evlənmək həvəsində olması xoşuma gəlmirdi.

Wowoman ən böyük, maraqlı, mümkünsüz arzuların arxasından getmək imkanı yaradaraq, Azərbaycan qadınlarını öyrətmək, ilhamlandırmaq və birləşdirmək üçün qurulub.

Başlanğıc büdcə və ştat necə idi?

Əgər ALZA haqda danışırıqsa, başlanğıc büdcə 200$ idi, ştat isə gənc qızlardan ibarət idi. Mənim 18 yaşım var idi, hərdən zarafatca deyirik ki, mən uşaq köləliyindən istifadə etmişəm, bacımın 16 yaşı var idi, həmçinin komandada mənim çox şey öyrəndiyim gənclər təşkilatı AIESEC-dən tanış olduğum qızlar var idi.

Mənə tez-tez sual verirlər ki, niyə məhz gəlinlik və gecə libasları? İş orasındadır ki, mən 10 il professional olaraq bal rəqsləri ilə məşğul olmuşam, biz beşqat Respublika çempionları idik, ona görə də paltarlar mənim anladığım tək "sahə" idi.

İndi mənim dəb və geyimdən çox təhsilə və Wowomanda məşğul olduqlarıma daha çox həvəsim var. Ancaq ALZA-sız bu icmanı qurmaq olmazdı.

Wowoman-in başlanğıc büdcəsindən danışsaq, ilk iki il yarım ərzində maliyyə dəstəyi rolunda ALZA və mənim şəxsi investisiyalarım çıxış edirdilər. Biz son bir neçə ildir ki, əməkdaşlarla çalışırıq - bundan əvvəl dəstək üçün kiməsə müraciət etmək haqda nədənsə heç düşünməmişdik. P&G, Azerturk Bank, ABŞ Səfirliyi, Golden Pay və s. şirkətlər bizlə əməkdaşlıq etməyə başladılar.

Həmçinin ALZA-da mən ilk gündən Wowoman komandasını yığdım. Ştat tamamilə könüllülərdən ibarət olsa da, birinci ildən komandada 50 nəfərə yaxın insan var idi.
Açılışa nə qədər vaxt sərf olundu?

Bir il ərzində mən sosial sahibkarlıq üçün məhz hansı biznesi seçmək haqda düşündüm. İdeal bir modeli fikirləşib tapa bilmədim və özümə dedim - belə, başlayırıq və edirik, sonrasına baxarıq. «Bloqerliyin əsasları və Project Managment» kursu ilə başladıq, sonra isə hər şey dəyişdi - biz dalbadal tədbirlər təşkil etməyə başladıq.

Demək olar ki, 4 il ərzində komandamız 250-dən çox tədbir keçirdi. Ən az 7000 qadın bizim kurslarımızı keçdi. İndi Wowoman Facebookda 26000-dən çox qadın var.  Facebook özü bizi dünyada 100 ən yaxşı icmadan biri seçib. Bu oktyabrda baş verdi və bizim üçün ən vacib hadisələrdən biri oldu.

Mən təzəlikcə Silikon Vadisindən qayıtmışam, orada Facebookda Mark Tsukenberqdən sonra ikinci adam olan Şeril Sendberqlə görüşdüm. Bir il ərzində Facebook bizi öyrədəcək, icmanı daha yaxşı inkişaf etdirməyə kömək edəcək, maliyyə yardımı göstərəcək və yeni böyük bir layihəyə başlayacağıq.

Auditoriyanız kimlərdən ibarətdir?

Bizim çox fərqli auditoriyamız var. Əsasən bu 18 yaşdan 35 yaşadək olan xanımlardır. Əgər dərinə getsək, icmanın təxminən 50%-i 18-24 yaşlı tələbələr və gənc mütəxəssislərdir. Qalan 50% isə 24-35 yaşlı təcrübəli qadınlar, analardır.

Wowoman öz iştirakçılarına nə verir?

Wowoman iştirakçılarına motivasiya, faydalı treninqlər, ilham, netvorkinq və icma verir. İcma sözü son illərdə dünyada çox məşhur olub. Bizim vəziyyətdə "icma" "sense of belonging" - özünün nə isə daha böyük bir şeyə aid olduğunu, tək olmadığını və dəstək sisteminin olduğunu hiss etməkdir.

Biz proqramlaşdırma, sahibkarlıq, ictimai çıxışlar, komanda işi üzrə treninq və kurslar keçiririk. Bizim həmçinin 5 həftəlik müəllif proqramımız var, bunu mən Stemford və MİT-də proqram keçdiyim zaman öyrəndiyim məlumatlara əsaslanaraq hazırlamışam. Dekabrda mən Honkonqa uçuram, məni oraya Wowoman proqramı ilə 4 məktəb və 2 universitetdə çıxış etməyə dəvət ediblər. Bundan əlavə mən kouçlarla məşq edəcəm ki, Honkonqun bütün məktəb və universitetlərində bizim proqramdan istifadə edə bilsinlər.

Sizin işinizdə ən çətin və ən asan nədir?

Yəqin ki, ən çətini durmaq istədiyin halda irəliləməyə davam etməkdir. İnanın ki, belə anlar olur, çünki biznes hər zaman asan olmur, ancaq bu eyni zamanda əyləncəli və maraqlıdır, ona görə də onunla bağlı nəyisə asan və çətinə ayırmaq mənim üçün çətindir.

Komandanı yığmaq çətindir, onları öyrətmək çətindir. Təəssüf ki, bizdə kadrlarla bağlı işlər çətindir - ona görə də biz 0-dan özümüzünküləri yetişdiririk. Ölkənin bir çox HR mütəxəssisləri bizi tanıyır, tez-tez Wowoman kurslarını keçdiklərinin qeyd edildiyi cvlər aldıqlarını və kandidata avtomatik olaraq bir neçə bal artırdıqlarını deyirlər.

Mənə elə gəlir ki, sən etdiyinə inandıqda və bunu niyə etdiyini anladıqda hər şey çox sadə olur.

Nə qədər tədbir təşkil etmisiniz?

250-dən çox. Təxminən 7000 nəfər 40 proqram keçdilər, on minlərlə qadın isə onlayn vebinarda iştirak etdilər.

Kimi özünüzə misal olaraq görürsünüz, kim sizə irəli doğru getməyə və özünə inanmağa kömək edir?

Bilmirəm niyə, amma uşaqlıqdan heç kumirim olmayıb. Bacım Tokio Hotelə,  Dima Bilana fanatlıq edirdi, məndə isə belə şeylər heçvaxt olmayıb. Özümə misal kimi həmişə anamı çəkmişəm - o öz kariyerasında hərşeyi əldə edib və çox güclü qadındır.  Ancaq bir çox şeydə mən ona oxşamıram.

Öz işinin xəyallarını quranlara nə demək istədiniz?
Əmin olun ki, bu sizin arzunuzdur - trend deyil, dəb deyil, və ya "Maşa edir, ona görə mən də istəyirəm" fikirləri deyil. Özünüzə çətin olacağı haqda hesabat vermək lazımdır. Təslim olmamaq üçün isə bunu niyə etdiyinizi anlamalısınız. 

Arzularınızı ürəkdən gələn istəklərə görə seçin, trendlər və ya başqa xarici faktorlara gör yox.

Necə hər şeyi çatdıra bilirsiniz?

Hər şeyi çatdıra bilmirəm (gülür). Mən taym menecment Getting things done metodologiyasından istifadə edirəm. Son illərdə isə öz enerjimi düzgün yönəltməyə çalışıram. Razılaşın, biz çox vaxt enerjimiz aşağı olduğuna görə yarım saatlıq işi 2-3 saata edirik.

Həmçinin mənim Wowoman planerim də var və Black Friday zamanı demək olar ki, hamısını aldılar. Bu məhsulu mən ilk özüm üçün yaratmışdım - hər gün bu sistemdən istifadə edirəm, Google təqvimlə miks edirəm və hər zaman öz üzərimdə işləməyə çalışıram.

Bir il sonra layihənizi necə görürsünüz?
Sizinlə həyəcanlı xəbərlər paylaşıram: planımızda Wowoman mərkəz açmaq var, bu mərkəzdə qadınlar işləyə, dincələ, inkişaf edə və Facebook versiyasına görə MDB dövlətləri arasında 100 ən yaxşıdan biri seçilmiş icmanın bir hissəsi ola biləcəklər.

30-1-2 dekabr üçün 13 məşğuliyyət

30-1-2 dekabr üçün 13 məşğuliyyət

EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

Növbəti paylaşım
Top